Rusiyalı zənginlərin əksəriyyəti ardıcıl üçüncü ildir ki, yaxtalarını satır.
Qaynarinfo xəbər verir ki, "The Moscow Times" nəşrinin
məlumatına görə, varlı ruslar ən bahalı yaxtalarının yarısından çoxunu itiriblər.
"Rusiyalı varlıların yaxta donanması Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan sonra tamamilə məhv olub. Ən yaxşı dövrlərində 70-dən çox böyük yaxtaları olan bu şəxslərin hazırda yalnız təxminən 1/3-i qalıb", deyə nəşr yazır.
Qalan yaxtaların əksəriyyəti Birləşmiş Ərəb Əmirliklərinə köçürülüb.
Putinin yaxtaları və Qərbdə müsadirə edilənlər
Rusiyaya isə yalnız prezidentə məxsus bir neçə gəmi qaytarılıb. "Dosye" mərkəzinin məlumatına görə, Vladimir Putinin doqquz yaxtası olub, bunlardan ən böyüyü - 140 metrlik "Scheherazade" İtaliyada saxlanılıb.
Bu yaxta eyni zamanda "Rosneft"in keçmiş prezidenti Eduard Hudaynatovla da əlaqələndirilir. Hazırda Putinin ixtiyarında 82 metrlik "Graceful", 71 metrlik "Victoria", 54 metrlik "Çayka" və "Orion" adlı köməkçi gəmi qalıb.
Ümumilikdə, rusiyalıların elit yaxtalarının təxminən üçdə biri həbs altına alınıb.
İtaliyada Andrey Melniçenkoya məxsus 143 metrlik "Sailing Yacht A", Aleksey Mordaşovun 58 metrlik "Lady M" və Gennadi Timçenkonun 40 metrlik "Lena" yaxtaları müsadirə edilib.
İspaniyada isə İqor Seçinin "Crescent", Sergey Çemezovun "Valerie" və Aleksandr Mixeyevin "Lady Anastasia" yaxtaları saxlanılıb.
Hərraca çıxarılan rus yaxtaları
Ən ağır vəziyyət Böyük Britaniya və onun dənizaşırı ərazilərində saxlanılan yaxtaların sahiblərinə düşüb. Belə ki, Andrey Quryevə məxsus "Alfa Nero" və Dmitri Pumpyanskının "Axioma" yaxtaları hərraca çıxarılaraq satılıb.
Ukraynaya isə bu müsadirə edilən yaxtalardan demək olar ki, heç nə keçməyib. Yalnız Viktor Medvedçukun "Royal Romance" yaxtası Xorvatiya tərəfindən Ukraynaya təhvil verilib.
Rus varlıları yaxtalarını kütləvi şəkildə satırlar
Eyni zamanda, rusiyalı zənginlər son üç il ərzində aktiv şəkildə yaxtalarını satırlar. 2024-cü ildə "Stroygazkonsalting" holdinqinin qurucusu Ziyad Manasir öz "Dar" yaxtasını satıb.
Ötən il isə "Evrasiya" qazma şirkətinin qurucusu Aleksandr Caparidze "Come Together" yaxtasını 70 milyon dollara satıb.
"Keçmiş KQB əməkdaşı və "Norilsk Nikel"in keçmiş rəhbəri Vladimir Strjalovski 2023-cü ilin yayında 85 milyon dollar dəyərindəki 65 metrlik Ragnar yaxtasını satıb", deyə "The Moscow Times" yazır.
Ən çox rus yaxtalarını amerikalı zənginlər satın alıblar.
Aydın
Şərhlər