Bir çox insan səhəri kruassan, şirin səhər dənli məhsulları və ya meyvə şirəsi ilə başlayır. Lakin nevroloqlar xəbərdarlıq edir ki, bu cür qidalar yalnız qısa müddətli enerji verir və daha sonra tez yorğunluq, aclıq hissi və diqqət problemləri yarana bilər.
Qaynarinfo xəbər verir ki, nevroloq doktor Suraj Muleyin sözlərinə görə, beyin üçün əsas olan sürətli şəkər artımı deyil, sabit enerji mənbəyidir. Mütəxəssis qeyd edir ki, meyvə şirələri vitamin baxımından zəngin olsa da, lif demək olar ki, yoxdur və bu səbəbdən şəkər çox tez sorulur.
Mütəxəssislər bildirir ki, beyn üçün ideal səhər yeməyi üç əsas elementi birləşdirməlidir: omeqa-3 yağ turşuları, zülal və lif. Bu komponentlər yaddaşın, diqqətin və qanda şəkər səviyyəsinin sabit qalmasına kömək edir.
Nevroloq Con Stüart Hao Di vurğulayır ki, omeqa-3 sinir hüceyrələrinin fəaliyyəti və yaddaşın formalaşması üçün vacib rol oynayır. Zülal diqqətin qorunmasına, lif isə bağırsaq sağlamlığına təsir edir və bu da birbaşa beyin funksiyaları ilə əlaqəlidir.
Ən faydalı məhsul kimi yumurta
Həkimlər səhər rasionunda ən faydalı məhsullardan biri kimi yumurtanı göstərir. Yumurta yüksək keyfiyyətli zülal, sağlam yağlar və xolin ehtiva edir. Xolin beyin üçün vacib olan asetilxolinin istehsalında iştirak edir.
1500-dən çox 60 yaşdan yuxarı insan üzərində aparılan tədqiqat göstərib ki, xolinin daha yüksək qəbulu demensiya öncəsi ola biləcək koqnitiv pozulma riskinin aşağı olması ilə əlaqəlidir.
Mütəxəssislər günə 1–2 yumurta və tam taxıllı çörəklə başlamağı tövsiyə edir. Faydanı artırmaq üçün avokado və ya tərəvəzlər əlavə edilə bilər.
Yumurtanı sevməyənlər üçün alternativ
Nevroloqlar yumurta yeməyənlərə yunan yoqurtu ilə giləmeyvə, qoz-fındıq və ya toxumları tövsiyə edir. Qaragilə, moruq və böyürtkən antioksidantlarla zəngindir və beyin hüceyrələrini iltihab və oksidləşdirici stressdən qoruyur.
İçkilərə xüsusi diqqət
Şəkərli şirələr əvəzinə qəhvə və ya çay seçmək daha faydalıdır. 130 min nəfər üzərində aparılan araşdırmaya görə, gündə 2–3 fincan kofeinli içki demensiya riskini azalda bilər. Lakin kofeinin günün ilk yarısında qəbul edilməsi daha məqsədəuyğundur.
Beləliklə, nevroloqlar şəkərli səhər yeməklərindən uzaq duraraq zülal və liflə zəngin qidaların seçilməsini tövsiyə edir. Onların fikrincə, bu cür qidalanma beynin gün ərzində daha məhsuldar və fokuslu işləməsinə kömək edir.
Aydın
Şərhlər