Bu yay Şimali Amerikada keçiriləcək FIFA Dünya Çempionatı 2026-da bir neçə məşhur futbolçu zədə və ya ölkələrinin turnirin final mərhələsinə vəsiqə qazana bilməməsi səbəbindən iştirak etməyəcək. Onların arasında Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya, Polşa yığmasının hücumçusu Robert Levandovski, İtaliya millisinin qapıçısı Canluici Donnarumma, Nigeriya millisindən Viktor Osimhen kimi məşhur ulduzlar da var.
48 komandadan ibarət turnirdə həm gənc istedadlar, həm də təcrübəli oyunçular iştirak edəcək. Lakin zədələr və ölkələrinin seçmə mərhələni keçə bilməməsi səbəbindən bəzi məşhur futbolçular mundialda yer almayacaq.
Qaynarinfo Dünya Çempionatında iştirak etməyəcək əsas ulduzları təqdim edir:
Xviça Kvaratsxeliya (Gürcüstan)
Avropa futbolunun ən təhlükəli cinah oyunçularından biri hesab olunan Kvaratsxeliya, Gürcüstan millisinin iyun-iyul aylarında keçiriləcək final mərhələsinə vəsiqə qazana bilməməsi səbəbindən Şimali Amerikaya yollanmayacaq.
PSJ klubunun futbolçusu olan Kvaratsxeliya bu mövsüm Çempionlar Liqasında diqqət çəkən oyunçulardan biri olub, lakin hələ Dünya Çempionatında çıxış etməyib. Gürcüstan millisinin son böyük turniri AVRO-2024 olub və komanda 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Robert Levandovski (Polşa)
37 yaşlı "Barselona” hücumçusu Robert Levandovski Polşanın Dünya Çempionatının son seçmə oyunundan sonra göz yaşları içində meydanı tərk edib. Buna səbəb komandanın mundiala vəsiqə qazana bilməməsi olub.
Levandovski seçmə mərhələdəki uğursuzluqdan sonra millidən getməyi düşündüyünü bildirsə də, hələlik rəsmi qərar açıqlamayıb.
O, 2008-ci ildə San Marino ilə debüt oyununda qol vurub və Polşa millisində rekord sayda - 165 oyun keçirib. Levandovski 89 qolla komandanın tarixində ən məhsuldar futbolçudur. Buna baxmayaraq, o, yalnız iki dəfə Dünya Çempionatında iştirak edib və ən yaxşı nəticəsi 2022-ci ildə 1/8 final mərhələsinə yüksəlmək olub.
Canluici Donnarumma və Sandro Tonali (İtaliya)
İtaliyanın ardıcıl üçüncü Dünya Çempionatına vəsiqə qazana bilməməsi Donnarumma və Tonali kimi önəmli futbolçuların mundialdan kənarda qalması ilə nəticələnib.
İtaliya Avropa pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq ardıcıl üç mundialı buraxan ilk keçmiş dünya çempionu olub. Komandanın son Dünya Çempionatı iştirakı 2014-cü ildə Braziliyada baş tutub və yığma həmin turnirdə qrup mərhələsində mübarizəni dayandırıb.
İtaliya mətbuatının "Dünya Çempionatı lənəti” adlandırdığı vəziyyət Donnarumma və Tonalinin dünyanın ən böyük futbol turnirində iştirakına imkan verməyəcək.
Viktor Osimhen və Ademola Lukman (Nigeriya)
İtaliyadan sonra Nigeriya da zəif seçmə mərhələ çıxışı səbəbindən 2026 Dünya Çempionatına vəsiqə qazana bilməyən böyük futbol ölkələrindən biri olub. "Super qartallar” Afrika pley-off mərhələsində Konqo Demokratik Respublikasına penaltilər seriyasında məğlub olub.
Nigeriyanın mundialda iştirak etməməsi səbəbindən Lukman və Osimhen kimi Afrika futbolunun aparıcı simaları azarkeşlərin qarşısına çıxmayacaq.
Lukman və Osimhenin birgə çıxış etdiyi komanda Nigeriya azarkeşlərinə uzun müddət böyük sevinc yaşadıb. Bununla da ölkə 36 ildən sonra ardıcıl iki Dünya Çempionatını buraxmış olacaq.
Yuqo Ekitike (Fransa)
Fransa millisinin hücumçusu Yuqo Ekitikenin Dünya Çempionatında ilk dəfə iştirak etmək arzusu apreldə "Liverpul”un heyətində PSJ-yə qarşı Çempionlar Liqası oyununda aldığı ağır zədə səbəbindən baş tutmayıb.
23 yaşlı futbolçu qarşılaşmanın ikinci hissəsində Aşil tendonunu zədələyərək ağlaya-ağlaya meydanı xərəkdə tərk edib. Zədə səbəbindən onun ən azı 2027-ci ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
2025-2026 mövsümündə Fransa millisində əsas heyətdən uzaq olsa da, Ekitike zədədən əvvəl "Liverpul”un heyətində bütün turnirlərdə 17 qol vuraraq uğurlu çıxışı ilə diqqət çəkib. Bu performans onun baş məşqçi Didye Deşam tərəfindən Dünya Çempionatına dəvət olunmaq şansını artırmışdı.
Estevao və Rodriqo (Braziliya)
Dünyanın ən parlaq gənc futbolçularından hesab olunan cinah oyunçusu Estevao uzun müddətdir gözlədiyi mundial debütünü apreldə "Çelsi”də aldığı ciddi əzələ zədəsi səbəbindən reallaşdıra bilməyib. Futbolçu arxa bud əzələsinin ağır yırtığı səbəbindən Braziliya millisindən kənarda qalıb.
2024-cü ilin mayında "Palmeyras”dan "Çelsi”yə transfer olunan Estevao debüt mövsümündə səkkiz qol və dörd məhsuldar ötürmə ilə diqqət çəkib. O, Karlo Ançelottinin rəhbərliyi altında Braziliya millisində də əsas oyunçulardan birinə çevrilmişdi.
Estevao ilə yanaşı, 2022-ci il Dünya Çempionatında Braziliya millisinin heyətində beş oyuna çıxan "Real Madrid”in cinah oyunçusu Rodriqo da bu il aldığı ciddi diz zədəsi səbəbindən turnirdə iştirak etməyəcək. Futbolçunun menisk və ön çarpaz bağlarında yırtıq aşkarlanıb və onun ilin sonuna qədər yaşıl meydanlara dönməyəcəyi bildirilir.
Aydın
Şərhlər