Xəbər lenti

Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik aradan qalxacaq? (ŞƏRH)
Siyasət 19:19 04.09.2025

Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik aradan qalxacaq? (ŞƏRH)

"Yaxın müddətdə Azərbaycanı narahat edən məsələlər öz həllini tapacaq və münasibətlər əvvəlki axarına qayıdacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya prezidenti Vladimir Putinin Pekində mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi mesajı şərh edərkən deyib. 

"Hesab edirəm ki, Azərbaycan və Rusiya arasındakı gərginlik müvəqqəti xarakter daşıyır. Gərginlik heç kimə xeyir gətirmir. Rusiya bunu daha çox hiss edir", deyə ekspert bildirib.

Azər Qasımovun fikrincə, Çində Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri zamanı Azərbaycan ilə Rusiya prezidentləri arasında baş verən qısa müddətli əlsıxma etiket normaları çərçivəsində baş verib:

"Bunun öncədən hazırlanmış görüşlə heç bir əlaqəsi yox idi və görüşün olması da mümkün deyildi".
 


Həmsöhbətimiz qeyd edib ki, belə bir görüşü mümkünsüz edən bir sıra qeyri-müəyyən məsələlər var:

"Belə bir görüş olacaqsa, bu, yalnız uzun hazırlıqdan sonra baş tuta bilərdi. Bunun baş verməsinə isə hələlik zaman lazımdır.  Putinin mətbuat konfransı zamanı dediyi fikirləri konstruktiv qəbul etmək olar".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransı keçirib. O, Rusiya-Azərbaycan münasibətlərinə də toxunub:

"Bu gün prezident Əliyevlə salamlaşdıq, mən həm onunla, həm də həyat yoldaşı ilə salamlaşdım. Ayaqüstü söhbətləşdik də".

Moskva ilə Bakı arasındakı münasibətlərin vəziyyətini şərh edən Putin deyib ki, ölkələr arasında münasibətlərdə həmişə müəyyən məsələlər ortaya çıxır:

"Mən hesab edirəm ki, Azərbaycan və Rusiya arasındakı fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq sonda hər şeyi öz yerinə qoyacaq".

Xatırladaq ki, ötən ilin dekabrında Rusiyanın AZAL-a məxsus sərnişin təyyarəsini vurmasından üzü bəri Bakı ilə Moskva arasında münasibətlərdə müəyyən soyuqluq yaşanır. Moskva törətdiyi hadisəni nə boynuna alır, nə də kompensasiya vermək istəyir. Eyni zamanda son dövrlər Rusiyada azərbaycanlılara qarşı təzyiq kampaniyası da geniş vüsət alıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->