Xəbər lenti

Anasını öldürənlər
Murad KÖHNƏQALA
Ölkə 09:21 01.09.2025

Anasını öldürənlər

Ötən həftə baş verən o qətl hadisəsinin təsirindən hələ də çıxa bilmirəm. Avqustun 27-də Bakı Avtovağzal Kompleksində yerləşən oteldə 16 yaşlı yeniyetmənin öz anasını amansızcasına qətlə yetirməsi... 

Bir neçə ay öncə Qubada da eyni motivli cinayət hadisəsi yaşanmışdı. Yeniyetmə oğlan doğma anasını adi mübahisə zamanı bıçaqlayaraq öldürmüşdü.

Xəbərlərin işıq sürətli axarında bu cür qanlı olaylar biri-birinin ardınca unudulub gedir, dövriyyəyə yeni cinayət xəbərləri buraxılır. 

Oxucularım bilir, bir media nümayəndəsi olaraq, əlimə qələm aldığım gündən həmişə qətl, cinayət, faciə xəbərlərinin gen-bol tirajlanmasına qarşı çıxmışam. Ancaq təssüf ki, kapitalizm şəraitində medianın gücü mənəvi ölçülərlə müəyyənləşmir. Cinayət xəbərləri yüksək reytinq gətirdiyindən bu mövzu istər-istəməz KİV-lərin "bəzəyi”nə çevrilir. 

Cinayət isə çoxaldıqca, adiləşir, cəmiyyətdə daha ağır cinayətlərə qarşı immunitet yaranır. 

Anaya qıyan oğulun faciəsi beynimi bu cür suallar məşğul edir: 

Bu tip nankor övladlar necə yetişir? Belələri hansı tərbiyəni alır, hansı sosial-etik mühitin təsiri altında böyüyürlər? Sualı bir qədər dəyişdirə də bilərik:

Qatil balalar hansı növ uyuşdurucuların qurbanlarıdı? 

Natkotikin? Alkoqolun? Yoxsa bunlardan daha təhlükəli olan din əsaslı mental stereotiplərin?

İstəyirsiniz, "National Geographic”in bütün xronologiyasını izləyin, anasını öldürən heyvan növünə heç vaxt rast gəlməyəcəksiniz. 

Fikrimcə, bu qatil uşaqlar təbii instinktə xəyanət etdiklərinə görə heyvandan daha aşağı varlıqlardı. 

Təəssüflər olsun ki, bəzən, bu qatillərin əməllərinə don geyindirməyə çalışanlar, onları hansısa formada müdafiə etmək istəyənlər də tapılır. 

"Qeyrət üstündə öldürüb”, "Qadının hansısa kişi ilə münasibəti varmış”, "Deyib qısa geyinmə” kimi bəraət tonlu danışan tin adamları da az deyil cəmiyətimizdə.  

Əlbəttə, bu çürük bəraətlərin heç bir mənəvi, hüquqi dəyəri yoxdu. Hətta qeyrət prizmasından yanaşılsa belə, anaya əl qaldırmaq, ümumiyyətlə, qeyrətsizliyin, namussuzluğun ən yekəsidi. 

Ananı hansısa kişiyə qısqanaraq qətlə yetirmək isə psixozun ən ağır formalarından biridi.  

Hər dəfə bu qətl hadisəsini xatırlayanda düşünmüşəm, görəsən, ana son nəfəsində onu doğrayan qatil övladına hansı baxışlarla baxmışdı? Heç cür təsəvvür eləyə bilmirəm...  

Murad Köhnəqala 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->