"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təkcə regionda deyil, beynəlxalq mediada da geniş rezonans doğurdu. Dövlətimizin başçısı bu çıxışında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları, xüsusilə Zəngəzur dəhlizinin regional iqtisadi əməkdaşlıq və kommunikasiya baxımından əhəmiyyətini vurğuladı".
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.
O bildirib ki, müsahibə Azərbaycanın sülhə, əməkdaşlığa və çoxtərəfli əlaqələrin inkişafına açıq dövlət olduğunu göstərən mühüm siyasi mesaj kimi qəbul edildi. Lakin dərhal sonra, avqustun 27-dən etibarən Rusiya Federasiyası ərazisindən Azərbaycan əleyhinə kütləvi informasiya kampaniyasının başladığı müşahidə olundu.
"Milli Məclisin Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə qarşı Komissiyasının ötən gün paylaşılan bəyanatında bildirilir ki, kampaniya əsasən sosial media platformalarında, bəzi televiziya kanallarında və xəbər portallarında aparılıb. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı tarixi faktlara söykənən cavabı kontekstdən çıxarılaraq təhrif olunmuş formada Rusiya auditoriyasına təqdim edilib. Məqsəd isə aydındır: Azərbaycanı əsassız şəkildə təcavüzkar və ya regionda gərginlik yaradan tərəf kimi qələmə vermək, Rusiya ictimaiyyətində anti-Azərbaycan əhvali-ruhiyyəsi formalaşdırmaq. Bu prosesdə Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış "Facebook”, "Instagram” və "X” kimi platformalardan, eləcə də saxta sosial media profillərindən və bot şəbəkələrindən geniş istifadə olunub”, deyə müsahibimiz əlavə edib.
Deputat bildirib ki, diqqət çəkən digər məqam isə Azərbaycanın sosial media seqmentinə hədəfli reklamlar vasitəsilə təxribat xarakterli məlumatların yerləşdirilməsi olub. Bu, hibrid müharibənin tipik üsullarından biridir və məqsəd informasiya məkanında çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etməkdir. Azərbaycan tərəfi təxribatçı kampaniyanın qarşısını almaq üçün dərhal hərəkətə keçdi. Milli Məclisin müvafiq Komissiyası bəyanatla çıxış edərək, bu cür informasiyaların heç bir real təsir gücünə malik olmadığını, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirə predmeti olmadığını vurğuladı. Eyni zamanda, aidiyyəti dövlət qurumları, o cümlədən media və kibertəhlükəsizlik strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərərək saxta profillərin və təxribatçı kontentin yayılmasının qarşısını almaq üçün praktiki addımlar atmağa başladı.
Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə” telekanalına müsahibəsi regionda yeni əməkdaşlıq mərhələsinə keçidin anonsu idi. Azərbaycan artıq postmünaqişə dövründə Cənubi Qafqazın iqtisadi və nəqliyyat xəritəsini müəyyən edən əsas aktorlardan biridir.
E.Akimovanın sözlərinə görə, bu reallıq bəzi qüvvələr tərəfindən qıcıqla qarşılanır. Xüsusilə Zəngəzur dəhlizi kimi layihələr yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu layihələrin reallaşması isə Cənubi Qafqazda tamamilə yeni geosiyasi balans yaradır. Məhz buna görə müəyyən mərkəzlər Azərbaycanın mövqeyini sarsıtmaq, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün informasiya hücumlarından istifadə edirlər.
"Son hadisələr bir daha göstərdi ki, müasir dünyada informasiya təhlükəsizliyi azı hərbi və iqtisadi təhlükəsizlik qədər vacibdir. Azərbaycan dövləti isə həm diplomatik, həm də texnoloji müstəvidə bu cür təhdidlərə qarşı kifayət qədər hazırlıqlı olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin müsahibəsi ölkəmizin qlobal miqyasda sülh və əməkdaşlıq çağırışlarını, regional inkişaf modelini bir daha gündəmə gətirdi. Eyni zamanda, Azərbaycan cəmiyyəti və dövlət institutları göstərdi ki, informasiya müstəvisində aparılan heç bir kampaniya ölkəmizin milli maraqlarına zərbə vura bilməz”, deyə E.Akimova fikrini tamamlayıb.
Şərhlər