Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "İşğaldan azad edilmiş ərazilərdə analarla iş” layihəsini uğurla başa çatdırıb. Layihə çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarında qadın və ailə yönümlü bir sıra təlimlər təşkil olunub.
Layihənin ikinci və sonuncu mərhələsində baş tutan təlimlərin əsas məqsədi post-münaqişə dövründə ailələrin, xüsusilə anaların psixoloji dayanıqlığını və sosial inteqrasiyasını gücləndirmək olub. 29, 30 avqust tarixlərində Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində və Cəbrayıl rayonu Mehdi Mehdizadə adına tam orta məktəbində keçirilən sessiyalar iştirakçılara həm praktiki bacarıqlar qazandırıb, həm də psixoloji və sosial dayanıqlığın gücləndirilməsinə töhfə verib.
Birliyin və layihənin rəhbəri Sevinc Fədainin sözlərinə görə, təlim proqramı üç əsas istiqaməti əhatə edib:
Post-münaqişə dövründə psixoloji dayanıqlıq və emosional dəstək. Analara və ailələrə travma sonrası emosional sabitliklərini möhkəmləndirmək üçün psixoloji dəstək və fərdi sessiyalar təqdim olunub, uşaqların və anaların psixoloji ehtiyaclarını ödəmək məqsədilə art terapiya, oyun terapiyası və qrup məşğələləri keçirilib.
Sağlam ailə mühiti, milli dəyərlər və mənəvi inkişaf. Ailələrdə milli-mənəvi dəyərlərin təşviqi, uşaqların əxlaq prinsipləri ilə böyüməsini dəstəkləyən təlimlər və proqramlar həyata keçirilib. Eyni zamanda, uşaqlarda empati, paylaşma və mənəvi kimliyi formalaşdıran oyunlar, hekayələr və yaradıcı fəaliyyətlər təşkil olunub.
Ailə və icma əlaqələrinin gücləndirilməsi. Ailə ilə icma arasında sosial inteqrasiyanı təşviq edən tədbirlər və maarifləndirmə proqramları reallaşdırılıb. Bu tədbirlər ailə bağlarının möhkəmlənməsinə, icma daxilində sosial harmoniyanın artmasına xidmət edib.
Təlimlər peşəkar təlimçi heyəti – psixoloq Sevda Alışova-Bəşirli, psixoloq-art terapevt Nərmin Şahverdiyeva, pedaqoq-metodist Vüsalə Mustafayeva və pedaqoq-müəllim Gülmira Ələsgərova-Cəfərova tərəfindən həyata keçirilib.
Beləliklə, "İşğaldan azad edilmiş ərazilərdə analarla iş” layihəsi bölgədəki anaların psixoloji rifahının və sosial fəallığının artırılmasına, ailə və icma dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə verib.
Qeyd edək ki, silsilə təlimlər Laçın rayonunda da həyata keçirilib və layihə başa çatdırılıb.
Şərhlər