Rusiya ordusunun komandanlığı hepatit və HİV epidemiyasını nəzərə alaraq yoluxmuş hərbçilərdən ayrıca bölmələr yaratmağa qərar verib. Bu bölmələr Ukrayna mövqelərinə hücumlar üçün göndəriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Z-aktivist Anastasiya Kaşevarova yazıb.
"Belə döyüşçülər xüsusi fərqləndirici lenti taxmalıdır. Onların vəzifəsi döyüş təmas xəttində müdafiə xətlərini tutmaq və qorumaq olacaq”, – deyə o, Telegram kanalında yazıb. Kaşevarova qeyd edib ki, bu məsələdə ordu "Vaqner” PMC-nin təcrübəsini öyrənməyə qərar verib, çünki həmin şirkətdə yoluxmuş döyüşçülər Umbrella adlı ayrı bir bölmədə xidmət edirdi.
Kaşevarova problemin hərbçilər arasında sosial xəstəliklərin yayılmasını belə izah edib: müharibəyə müqavilə əsasında cəlb olunan bir çox insan hepatit, HİV və vərəm xəstəliyindən əziyyət çəkir. Onlar bu barədə gizlətmək üçün həkimlərdən sənəd alaraq müqavilə imzalamaqla əlavə ödənişlər alırlar. Eyni zamanda, o xatırladıb ki, bu xəstəliklərlə hərbi xidmətə qatılmağa birbaşa qadağa yoxdur, yalnız "D” hərbi uyğunluq kateqoriyasına aid olanlar hərbi xidmətdən azad edilirlər.
"Karnegi Beynəlxalq Sülh Fondu”nun məlumatına görə, Rusiya Ukraynaya tammiqyaslı işğala başladığı vaxtdan etibarən rus hərbçiləri arasında HİV-ə yoluxma halları 2000% artıb. Artımın səbəbi cəbhə şəraitidir: hərbçilər arasında qorunmamış cinsi əlaqələr və narkotik istifadəsi. Fondun ekspertləri bildirir ki, epidemiyanın demoqrafik və iqtisadi nəticələri onilliklər boyu hiss olunacaq və hətta Ukraynaya müdaxilənin nəticələrindən daha dağıdıcı ola bilər.
Rospotrebnadzorun Epidemiologiya Elmi-Tədqiqat Mərkəzinin məlumatına görə, 2022-ci ilin payızına qədər Rusiyada HİV diaqnozu qoyulmuş əhali təxminən 1% təşkil edib – yəni təxminən 1,5 milyon nəfər. Eyni zamanda, HİV-in epidemiologiyası və profilaktikası şöbəsinin rəhbəri Vadim Pokrovski hesab edir ki, 2030-cu ilə qədər yeni yoluxma halları 660 minə çata bilər.
15–49 yaş qrupunda Rusiyada yoluxma səviyyəsi 1,5%-dir. Bu, əksər Afrika ölkələrindən yüksəkdir: məsələn, Efiopiyada 0,9%, Konqoda 0,7%, Nigeriyada 1,3%. Avropa ölkələri ilə müqayisədə Rusiya bu göstəricidə 3–15 dəfə öndədir: Almaniyada 15–49 yaş arasında əhali arasında HİV 0,1%, İtaliyada 0,2%, İspaniyada 0,4%, Portuqaliyada isə 0,5%-dir.
Alpər
Şərhlər