Amerikalı nevroloq Hovard Takker, dünyanın ən yaşlı həkimi kimi tanındıqdan qısa müddət sonra 103 yaşında həyatın uzun və xoşbəxt olması üçün əsas prinsiplərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, onun həyat hekayəsi və xəstələr üçün tövsiyələri "CNBC Make It" tərəfindən ailəsinin icazəsi ilə yayımlanıb.
Takker bildirib ki, o, 75 ildən çox nevroloq kimi çalışıb və 2022-ci ildə işlədiyi xəstəxana bağlanana qədər fəaliyyətini davam etdirib.
"İndi 103 yaşım var və Ginnesin Rekordlar Kitabı məni tarixdə ən yaşlı həkim kimi tanıyıb. İnsanlar tez-tez soruşur ki, necə olur ki, mən xoşbəxt, aydın düşüncəli və həyatdan razı qala bilirəm”, deyə o yazıb.
Onun sözlərinə görə, bu sualın tək bir cavabı yoxdur. Yaxşı genlər və bəxtin rolunu qəbul etsə də, illər ərzində həyat keyfiyyətinə ciddi təsir edən başqa prinsiplər də formalaşdırdığını bildirib.
O, "uzun və mənalı həyat üçün üç dəyişməz qayda” olduğunu qeyd edib və bunların sadə, demək olar ki, hər kəs tərəfindən tətbiq oluna biləcəyini vurğulayıb.
1. Beyni aktiv saxlayın
Takker bildirib ki, beyin bədənin digər əzələləri kimidir: istifadə olunmadıqda zəifləyir.
"Mənim işim məni daim düşünməyə, öyrənməyə və maraqlı problemləri həll etməyə məcbur edirdi. Karyeramın bir mərhələsi bitəndə başqa bir yol tapdım — tibbi-hüquqi məsləhətlər verdim və sosial şəbəkələrdən istifadə etməyi öyrəndim. Mən dayanmaq üçün bəhanə axtarmıram”, deyə o qeyd edib.
O, 60 yaşlarında olarkən axşam hüquq məktəbinə daxil olduğunu, eyni zamanda tam ştat həkim işlədiyini xatırladıb. 67 yaşında isə vəkillik imtahanından keçib. Onun fikrincə, daim öyrənmək və aktiv qalmaq vacibdir.
"İş mütləq rəsmi vəzifə və ya karyera demək deyil. Bu, könüllülük, oxumaq, yeni bacarıq öyrənmək, musiqi, klub fəaliyyətləri və ya beyni aktiv saxlayan istənilən məşğuliyyət ola bilər”, deyə o bildirib.
Onun sözlərinə görə, bir çox insan dünya ilə əlaqəsini kəsdikdən sonra sönməyə başlayır:
"Fikrimcə, zehni aktivliyi qorumaq özünüz üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biridir”.
2. İçinizdə nifrət daşımayın
Həkimin sözlərinə görə, insanlar uzunömürlülük barədə soruşduqda çoxları qidalanma və idmanla bağlı "sirrlər” gözləyir. Bunlar vacib olsa da, ən azı onlar qədər önəmli olan həyat tərzi və münasibətdir.
"Mən çox uzun yaşadım. Digər insanlar kimi məyusluqlar, itkilər və ədalətsizliklərlə üzləşdim. Amma heç vaxt içimdə nifrət daşımağın mənasız olduğunu düşünmədim”, deyə Takker yazıb.
Onun fikrincə, qəzəb və inciklik insanın enerjisini tükəndirir, sağlamlığa zərər verir və uzun müddətdə ürək-damar xəstəlikləri riskini artırır:
"Daha sağlam yol irəli getmək, insanlara maraq göstərmək və enerjini həyatda məna verən şeylərə yönəltməkdir”.
3. Hər şeydən ölçülü şəkildə zövq alın
Həkim hesab edir ki, uzun yaşamaq üçün bütün zövqlərdən imtina etmək lazım deyil.
"Mən martini sevirəm. Yaxşı steyk xoşuma gəlir. 68 il birlikdə yaşadığım həyat yoldaşım Su əla yeməklər bişirir və biz həmişə yaxşı qidalanmışıq. Amma biz balansı da qoruyuruq: çoxlu salat, tərəvəz və hər şeydə ölçü”, deyə o bildirib.
Onun fikrincə, məhz ölçülülük uzunmüddətli zövq almağı mümkün edir:
"Eyni şey həyatın bir çox sahəsinə aiddir. Hər şeyin həddindən artığı insanı yorur, çatışmazlığı da həmçinin”.
Hovard Takker haqqında
Takker Ohayo ştatının Klivlend şəhərindən olan nevroloq olub. 103 yaşında Ginnesin Rekordlar Kitabı onu "tarixin ən yaşlı həkimi” kimi tanıyıb. Pandemiya dövründə o, rezident həkimlərə dərs deyib, xəstələri müalicə edib və universitetdə hüquq tələbələrinə mühazirələr oxuyub.
O, nəvəsi Ostin Takker tərəfindən prodüserlik edilən və Teylor Talyağnetti tərəfindən rejissorluq olunan "What’s Next?” sənədli filminin qəhrəmanı olub.
Takker 22 dekabr 2025-ci ildə vəfat edib.
Aydın
Şərhlər