Döş sümüyünün arxasında yerləşən, iki paydan ibarət bu sirli orqan onilliklər boyu bir çox həkim tərəfindən nəzərə alınmayıb. Uzun müddət insan orqanizmində demək olar ki, funksiyasız, "lazımsız toxuma parçası" kimi qiymətləndirilib. Bu orqanın adı timusdur (və ya çəngələbənzər vəzi). Yeni tədqiqatlar göstərir ki, uzun illər göz ardı edilən timus sağlamlıq üçün düşündüyümüzdən daha mühüm rol oynaya bilər.
Qaynarinfo xəbər verir ki, antik yunanlar bu toxumanın "ruhun mərkəzi” ola biləcəyinə inanırdı. 1960-cı illərdə Nobel mükafatı almış bir alim isə onu hüceyrələr üçün sadəcə "qəbiristanlıq” adlandıraraq, "o qədər də əhəmiyyətli olmayan təkamül səhvi" kimi dəyərləndirmişdi.
Bu gün isə elm adamları timusun uşaqlıq dövründə immun sisteminin formalaşmasında həlledici rol oynadığını təsdiqləyir. Lakin uzun müddət onun yetkinlikdən sonra kiçildiyi və funksiyasını itirdiyi düşünülürdü.
İndi isə ardıcıl araşdırmalar timusu sadəcə köməkçi orqan deyil, ömür boyu immun sağlamlığı və yaşlanma prosesinin əsas tənzimləyicilərindən biri kimi yenidən qiymətləndirir.
Uzunömürlülük və xərçəngdən qorunma üçün yeni ümid
Tədqiqatlar göstərir ki, timus uzunömürlülük, xərçəng, autoimmun xəstəliklər və ürək-damar risklərinə qarşı qorunmada mühüm rol oynaya bilər. Bu nəticələr timusun yaşlanmasının ləngidilməsi və onun funksiyasının bərpası istiqamətində marağı artırıb.
Mass General Brigham Süni İntellekt Proqramının direktoru Hüqo Aerts bildirib: "Timusun yaşla birlikdə əhəmiyyətini itirdiyi fikri tam qəbul olunmuş yanlış təsəvvür idi".
"Nature” jurnalında dərc olunan araşdırmalara görə, daha sağlam timusa sahib şəxslərdə ağciyər xərçəngi riski, ürək xəstəliklərindən ölüm ehtimalı və ümumi ölüm göstəricisi daha aşağıdır. Eyni zamanda bu şəxslərin immunoterapiya müalicələrinə daha yaxşı cavab verdiyi müəyyən edilib.
Lakin əsas suallar hələ də cavabsızdır:
* Timus bu müsbət nəticələrin birbaşa səbəbidir, yoxsa ümumi sağlamlığın göstəricisidir?
* Niyə bəzi insanlarda timus daha sürətlə zəifləyir?
* Onun funksiyasını bərpa etmək mümkündürmü?
Timus nədir və nə iş görür?
Torakal cərrah professoru Kemal Karapınar timusu belə izah edir: "Timus körpəlik dövründə çox aktiv işləyən, uşaqlıqda fəaliyyətini davam etdirən, lakin yetkinlikdə funksiyasının təxminən 98 faizini itirən orqandır".
O bildirir ki, timus döş sümüyü ilə ürək arasında yerləşir və bəzi ürək əməliyyatları zamanı çıxarılması zəruri ola bilər. Açıq ürək əməliyyatlarında timusun çıxarılması çox vaxt standart prosedur hesab olunub.
Bu səbəbdən uzun illər timusun itirilməsinin ciddi fəsad yaratmadığı düşünülüb.
Timus haqqında yeni elmi dönüş
Timusla bağlı yenidən artan elmi maraq təsadüfi bir araşdırma ilə başlayıb. Harvard Kök Hüceyrə İnstitutunun tələbəsi Kameron Kuşeş kemik iliyi köçürülən xəstələrdə timusun rolunu araşdırarkən gözlənilməz nəticələr əldə edib.
Məlum olub ki, əməliyyat zamanı timusu çıxarılan şəxslərdə:
* 5 il ərzində ölüm riski təxminən 2 dəfə artır
* Xərçəng inkişaf riski 2 dəfə yüksəlir
* Autoimmun xəstəliklərə meyillilik artır
Francis Krik İnstitutunun hüceyrə bioloqu və London Universitetinin professoru Paola Bonfanti isə qeyd edir: "Artıq insanlar timusun əhəmiyyətli orqan olduğunu qəbul etməyə başlayır".
O əlavə edir ki, timus özünü bərpa etmə qabiliyyətinə malik olsa da, yaşlanma ilə sürətlə zəifləyən orqanlardandır.
Timusun immun sistemində rolu
Timus sümük iliyindən gələn hüceyrələri T hüceyrələrinə çevirir və onları viruslara və patogenlərə qarşı "təlimləndirir”. Eyni zamanda orqanizmə öz hüceyrələrinə hücum etməməyi öyrədir. Bu proses autoimmun xəstəliklərin qarşısının alınmasında əsas rol oynayır.
Ergenlik dövründən sonra timus yağ toxumasına çevrilərək kiçilməyə başlayır və buna görə uzun müddət "lazımsız orqan” hesab edilib.
Timusun bərpası mümkündürmü?
Süni intellektlə aparılan analizlər timus sağlamlığı ilə ümumi ölüm riski arasında güclü əlaqə olduğunu göstərib. Yüksək "timus sağlamlıq göstəricisi” olan şəxslərin daha uzun yaşadığı müəyyən edilib.
Ən mühüm nəticələrdən biri də odur ki, sağlam timusa sahib xəstələr immunoterapiyaya daha yaxşı cavab verir.
Hazırda laboratoriyalarda süni timus yetişdirilməsi və onun yaşlanmasının yavaşladılması istiqamətində tədqiqatlar aparılır. Məqsəd həm orqan transplantasiyası, həm də immun sisteminin gücləndirilməsi üçün yeni yanaşmalar yaratmaqdır.
"Xəstəlik artımı müşahidə etməmişəm”
Professor Kemal Karapınar bildirir ki, illərlə apardığı əməliyyatlarda timusu çıxarılan xəstələrdə ciddi xəstəlik artımı müşahidə etməyib: "Amma bu xəstələrin çoxu onsuz da ağır əməliyyat keçirib. Ona görə risklərin bir hissəsi ümumi vəziyyətlə bağlı ola bilər".
O həmçinin qeyd edir ki, timusun güclü olması nəzəri olaraq immunoterapiyanın effektivliyini artıra bilər, lakin bununla bağlı hələ qəti elmi sübutlar yoxdur.
Nəticə
Timus uzun illər elm tərəfindən az əhəmiyyətli orqan kimi qəbul edilsə də, yeni araşdırmalar onun immun sistemindən tutmuş xərçənglə mübarizəyə qədər bir çox sahədə mühüm rol oynaya biləcəyini göstərir. Lakin bu əlaqələrin tam mexanizmi hələ də araşdırma mərhələsindədir.
Aydın
Şərhlər