Xəbər lenti

Dünya 23:58 29.03.2025

"Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür?

İllərdir "mavi bölgələr" adlanan ərazilər burada yaşayan insanların daha uzun və sağlam ömür sürdüyünə dair xəbərlər və araşdırmalarla diqqət mərkəzindədir. Okinava (Yaponiya), İkariya (Yunanıstan), Olyastra (Sardiniya) və Nikoya (Kosta Rika) kimi bölgələrin sakinləri təbii hərəkətə əsaslanan həyat tərzi keçirir, stres azaldan gündəlik vərdişlərə sahib olur, əsasən bitki mənşəli və şüurlu qidalanır, orta miqdarda spirtli içki qəbul edir, güclü ailə və sosial bağlar qururlar. Alimlər hesab edirlər ki, bu ümumi vərdişlər həmin bölgələrdə uzunömürlülüyə əhəmiyyətli dərəcədə töhfə verir.

Bəs mavi bölgələrin sakinləri həqiqətən daha uzun yaşayır? Yoxsa bu iddialar elmi faktlardan çox, bir mifdir?

Mavi bölgələr və uzunömürlülük iddiaları

Qaynarinfo "Popular Science"elmi jurnalına istinadən xəbər verir ki, "mavi bölgələr" terminini ortaya atan amerikalı səyyah və jurnalist Den Buetnerin həmmüəllifi olduğu 2016-cı il tarixli bir məqaləyə görə, bu ərazilərdə yaşayan insanlar ABŞ sakinlərindən 100 yaşına çatmaq baxımından 10 dəfə daha çox şansa sahibdir.

Lakin hazırda Böyük Britaniyanın Oksford Universitetinin Əhali və Yaşlanma İnstitutunda tədqiqatçı olan Dr. Saul J. Nyuman bu iddiaların arxasında duran məlumatların etibarlılığına şübhə ilə yanaşır.

Nyuman 2019-cu ildə "bioRxiv" platformasında dərc olunan məqaləsində maraqlı bir nümunə aşkar edib: ABŞ-ın ştatları doğum sənədlərini məcburi tətbiq etməyə başladıqdan sonra 110 yaşını keçən insanların sayında 82% azalma müşahidə olunub. O, mavi bölgələrdə qeydə alınan yüksək uzunömürlülük səviyyəsinin əslində sağlam həyat tərzi ilə deyil, daha çox qeydiyyat səhvləri və saxta məlumatlarla bağlı olduğunu iddia edir.

Nyumanın əks iddiaları

Nyuman bir addım da irəli gedərək bir çox mavi bölgənin ortaq xüsusiyyətlərə malik olduğunu vurğulayır: aşağı gəlir səviyyəsi, aşağı savadlılıq nisbəti, yüksək cinayət göstəriciləri və ölkə üzrə orta ömür uzunluğundan daha aşağı göstəricilər. Bu amillər, əslində, uzunömürlülüyü artırmaqdan daha çox, azaltmağa meyilli olmalıdır. Nyuman həmçinin aşağı gəlir və savadlılıq səviyyəsinin bəzi insanların pensiya məqsədilə yaş saxtakarlığı etməsinə yol aça biləcəyini irəli sürür.

Bundan başqa, 2024-cü ildə o, mavi bölgələrə dair apardığı tədqiqatlarda statistik bir uyğunsuzluq aşkar edib. Onun sözlərinə görə, bu bölgələrdə 110 yaş və daha yuxarı yaşa çatan insanların doğum tarixləri qeyri-adi şəkildə 5-ə bölünən günlərə (məsələn, 5, 10, 15, 20, 25) təsadüf edirdi. Bu isə qeydlərdə geniş yayılmış saxtakarlıq və səhvlərin göstəricisi kimi şərh edilə bilər.

Alimlərin cavabı

2024-cü ilin oktyabr ayında aparıcı mavi bölgə tədqiqatçıları Nyumanın tənqidlərinə sərt şəkildə etiraz edərək onun yaş təsdiqi və statistik analizdə tətbiq edilən ciddi metodları nəzərə almadığını bildiriblər.

Məsələn, Sardiniyada mavi bölgə kəndlərində 100 yaşını keçmiş insanların yaşları bir neçə fərqli mənbə əsasında yoxlanılıb: 1866-cı ilə qədər uzanan mülki status bazaları, XVII əsrdən bəri aparılan əl yazısı kilsə qeydləri və 1866-cı ildən etibarən kənd sakinlərinin nəsil şəcərəsinin yenidən qurulması.

"Təkcə yüz yaşlıların doğum və ölüm tarixləri yoxlanılmadı, həm də onların bacı-qardaşlarının məlumatları da qarşılıqlı olaraq dəqiqləşdirildi. Bu isə Sardiniyadakı yüz yaşlılar arasında mümkün şəxsiyyət dəyişdirmə halları kimi saxta vakaların istisna edilməsinə imkan verdi", deyə alimlər bildirirlər. 

Eyni zamanda, Kosta Rikanın Nikoya bölgəsində aparılan tədqiqatlar zamanı yalnız fərdi bəyannamələrə əsaslanılmayıb, həm də ölkənin rəsmi əhali reyestrindən alınan doğum tarixləri istifadə edilib. Nyumanın doğum tarixi uyğunsuzluqları və ya yaş bölgüsündəki yığılmalarla bağlı iddiaları da rədd edilib və belə bir problemin qeydə alınmadığı bildirilib.

Sardiniyanın mavi bölgəsində yüksək cinayət və yoxsulluq nisbətləri ilə bağlı Nyumanın iddiasına cavab olaraq tədqiqatçılar qeyd ediblər ki, geniş regional statistika bu kiçik kənd icmalarını tam əks etdirmir.

Artıq daha uzun yaşamırlar?

Nyumanın yaş məlumatlarının səhv olduğu fikrini rədd edən mavi bölgə tədqiqatçıları, eyni zamanda bu bölgələrin uzunömürlülük üstünlüyünün azalmaqda olduğunu da qəbul edirlər.

2023-cü ildə demoqraf Luis Rosero-Bixbi Kosta Rikanın Nikoya bölgəsində uzunömürlülükdə baş verən dəyişiklikləri üzə çıxaran bir araşdırma yayımladı. O, müəyyən edib ki, 1930-cu ildən sonra doğulan Nikoya sakinləri artıq qeyri-adi dərəcədə uzun ömür sürmürlər. Araşdırmaya görə, 1905-ci ildə doğulan Nikoya kişiləri arasında ölüm nisbəti 33% daha aşağı idi, lakin 1945-ci ildə doğulanlarda bu göstərici 10% daha yüksək olub.

Okinavanın uzunömürlülük ənənəsi də azalır. Demoqraf Mişel Pulen 2024-cü ildə nəşr olunan məqaləsində bildirib ki, yaşlı nəsil hələ də yüksək uzunömürlülük göstəriciləri ilə seçilsə də, gənc nəsillərdə ölüm göstəriciləri artıq Yaponiya üzrə ortalamadan daha yüksəkdir. Alimlər Okinavadakı bu dəyişikliyi müasir qidalanma vərdişlərinin və asanlaşan nəqliyyat imkanlarının təsiri ilə izah edirlər.

Dr. Rosero-Bixbinin sözlərinə görə, yeni nəsillər arasında bu cür dəyişikliklər göstərir ki, mavi bölgələrdə qeydə alınan uzunömürlülük müvəqqəti bir fenomen ola bilər. Yəni, bu ərazilərdə insanlar bir vaxtlar orta göstəricidən daha uzun yaşamış olsalar da, bu üstünlük sürətlə yox olmaqdadır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->