Xəbər lenti

Xruşşov, Beriya, Çörçil, Neizvestnı, Kundera və...
Hüseynbala Səlimov
Dünya 11:35 17.03.2025

Xruşşov, Beriya, Çörçil, Neizvestnı, Kundera və...

Boş həyət, boş oturacaqlar, seyrək şəkildə qarşından gəlib-keçən adamlar və bir də ilk yaz Günəşinin altında tənbəl-tənbəl mürgüləyən iki sarışın pişik! 

Bəli, tamam üzücü və yeknəsəq bir mənzərə! Düşünürsən ki, bütün bunlar adi bir həyat tablosudur, yoxsa onları da hansısa qoca bir rəssamın əli çəkib? Bəli, deyirlər ki, həyat özü-özünə maraqlı olmur, hətta cavan yaşlarında belə, onu gərək, özün maraqlı edəsən. Amma qocalıq, xüsusən də bizim az qala, otuz dörd yaşında qocalmış ölkəmiz elə bir senaridir ki, ona hər hansı bir düzəliş, korrektə etmək heç də asan məsələ deyil...

Bəli, üzücü bir yeknəsəqlik, hansı ki, mənim yadıma bir sovet liderinin – Xruşşovun həyatının son illərini xatırlatdı. 

Əvvəlcə onu deyim ki, sovet liderləri arasında onun qədər lağ olunan, məsxərəyə qoyulan, haqqında lətifələr qoşulan ikinci bir lider yox idi, hətta protez çənəli, huşsuz Leonid Brejnev daha urvatlı idi.  

Amma Xruşşov heç də təlxək deyildi, o, heç də ağılsız adam da deyildi. Böyük mütaliə sahibi olmasa da, çox iti ağlı vardı. 

DTK rəhbərlərindən biri sonradan xatırlayırdı ki, Brejnevdən fərqli olaraq Xruşşova məruzə edəndə həmişə həyəcan keçirirmiş, çünki bu adam hər an hansısa gözlənilməz sual verə bilərdi. 

Bilirsiniz, bu, çox mühüm keyfiyyətdir siyasətçi üçün. İndinin özündə xeyli avtoritar liderlər var ki, onlar üçün cızılmış senaridən, protokoldan bir addım belə kənara çıxmırlar. 

Halbuki onlara protokola uyğun olaraq nəyisə göstərəndə deyə bilərlər ki, yox, mən başqa şeyə baxacam! 

Amma demirlər, çünki bilirlər ki, bütün bunlar bir maketdir və onlar özləri də bu maketin bir elementi...

Qayıdaq Nikita Sergeyeviçə! Bu adamın sayəsində yüz minlərlə insan həbs düşərgələrindən azad oldu, on minlərlə insan ölümündən sonra olsa da bəraət qazandı, sovet rejimi xeyli mülayimləşdi! 

Üstəlik, heç də zəif adam deyildi o: Stalinin bütün komandasının, xüsusən də Lavrenti Beriya kimi adamın axırına çıxdı! Yeri gəlmişkən, Beriyanın da hakimiyyətə gəlmək, ən azı əsas "boz kardinal” olmaq planları vardı və onun Xruşşovdan fərqli olaraq (indi bəzi tarixçilərin ehtimallarına görə!) SSSİ-nin siyasi və geosiyasi strukturu ilə bağlı çox ciddi planları vardı: o, sosialist ölkələrinə, hətta üç Baltik respublikasına müstəqillik verməyi, Almaniyanın birləşməsinə mane olmamağı nəzərdə tutur, SSRİ-nin özünün daxili siyasi-iqtisadi əsaslarını dəyişmək istəyirdi. Təsadüfi deyil ki, ona qarşı ittihamlardan biri də bu idi - guya o, "ingilis agentidir” (gülməlidir, deyilmi?)! 

Xruşşovdan fərqli olaraq Beriya heç də fanatik sovet kommunisti deyildi, hər halda, bəzi tarixçilər indi belə yazırlar. O ki qaldı onun xidmətlərinə, müharibə vaxtı Beriyanın sayəsində sovet kəşfiyyatı saat kimi işləyirdi. 

Müharibədən sonrakı ilk illərdə isə birinci sovet atom bombası ilk növbədə Beriyanın və sovet kəşfiyyatçılarının xidməti idi, nəinki sovet alimlərinin. Bunu doxsanıncı illərdə vaxtilə atom və nüvə silahı sahəsində tədqiqatlara başçılıq etmiş akademik Y.B.Xariton özü etiraf etmiş və demişdi ki, birinci sovet atom bombası ABŞ bombasının yüzə-yüz kopiyası-surəti olub! Bu, artıq hamıya məlum olan bir faktdır. 

Söz yox ki, Beriyanın xidmətlərindən savayı çox böyük cinayətləri də vardı. Məsələn, onun bütöv xalqların sürgün edilməsinin əsas ideoloqlarından və icraçılarından biri olduğu deyilir, eləcə də digər sovet repressiyaları zamanı da onun ən əsas fiqurlardan biri olduğu bildirilir. 

Nikita Xruşşovun isə faciəsi ondaydı idi ki, o, qətiyyən anti-sovetçi deyildi, düşünürdü və hətta inanırdı ki, sovet rejimini eybəcər hala salan, deformasiya edən Stalin olub və hec cür qəbul edə bilmirdi ki, şəxsiyyətə pərəstiş də, stalinizm də rejimin mahiyyətindən irəli gəlir. 

Bütün bunlara rəğmən, böyük Uinston Çörçill Nobel mükafatı alarkən qayıdıb ki, bəs bu mükafat mənə yox, Xruşşova verilməlidir, çünki sovet rejininə heç kim onun qədər ziyan vurmayıb.    

Fəqət N.Xruşşov sovet modelinin doğruluğuna heç vaxt şübhə etməmişdi, odur ki, özü də istər-istəməz Stalin roluna girirdi, özü də balaca və gülməli Stalin olurdu: gah bütün ölkədə qarğıdalı əkdirirdi, gah ölkənin kosmik uğurlarını belə öz adına yazmaq istəyirdi, gah BMT-nin iclasında ayyaqqabısı ilə kürsünü döyəcləyirdi, gah da Pasternak kimi bir yazıçıya iztirablar yaşadır, rəsm sərgilərini buldozerin qabağına verir, hətta Soljenitsinı çap olunmağa qoymurdu.
Amma maraqlısı bilirsinizmi, nədir? Onun qədrini yenə də sənət adamları, əsərləri buldozerin qabağına verilən sənətkarlar bildilər. Mən bilmirəm, Nikitanın hakimiyyətdə olduğu dövrdə heykəli-abidəsi olub, ya yox? Onu bilirəm ki, onun yadda qalan ilk və son büstünü yaradan dissident rəssam və heykəltəraş Ernst Neizvestnı olub.  

Qərəz, vəziyyət dözülməz hala gələndə onu devirdilər və bu adam ömrünün sonuna kimi az qala, ev dustağı kimi yaşadı. Deyilənə görə, onun yaşadığı bağ evinin həyətində balaca gölməçə varmış və o, hər gün həmin gölməçənin kənarında oturub onun fotosunu çəkirmiş – bəli, hər gün beləcə, düz həyatının sonuna qədər...
Ona görə də üzücü yeknəsəqlikdən söz düşəndə ilk ağlımıza gələn devrilımiş Nikita Xruşşov və onun həyatının son illəri oldu. Yox, Allah xatirinə, deməyin ki, bunlar da durub özlərini Xruşşovla müqayisə edir, özlərini böyük adam kimi təqdim edirlər. Əsla yox! 

Sadəcə, çox sevdiyim tanınmış yazıçılardan birinin – artıq həyatdan köçmüş Milan Kunderanın əsərlərindən birində bir söz var. Bəli, səhv etmirəmsə, deyir ki, həyatda biri var məğlub olmaq, biri də var tamam-kamal təslim olmaq. 

Adam tamam təslim olmaq istəmir. Düşünürsən ki, hərdən sən də heç olmasa, nəsə bir şey deyəsən. Amma bütün bunlar da ya üzücü yeknəsəqliyin fonunda səssiz-səmirsiz yox olur, ya da yeknəsəqliyin uğultusuna qarışıb tamam itirlər...
 
Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->