Texnologiya sürətlə inkişaf edir və insanlıq yenidən Aya enməyə hazırlaşır. Lakin maraqlı bir şəkildə, müasir dövrdə Aya çatmaq əvvəlki dövrlərlə müqayisədə daha uzun çəkir. Bəs bu gözlənilməz vəziyyətin səbəbi nədir?
Qaynarinfo xəbər verir ki, Aya ilk pilotsuz missiyanın göndərilməsindən 66 il, ilk insanlı yürüşdən isə 56 il ötüb. Lakin müasir texnologiyalardan istifadə edilməsinə baxmayaraq, "Apollo" dövrü ilə müqayisədə Aya getmə müddəti artıb.
Daha az yanacaqla daha uzun yol
Bunun əsas səbəblərindən biri mühəndislərin kosmik səyahətləri iqtisadi cəhətdən daha səmərli hala gətirmək üçün yanacaq istehlakını azaltmağa çalışmasıdır. Aya gedən bir kosmik gəminin təxminən 385 min kilometrlik məsafəni qət etməsi tələb olunur və bu, böyük yanacaq ehtiyatı tələb edən çətin bir missiyadır.
Bundan əlavə, Ayın orbitinin tam dairəvi olmaması səbəbindən Yer ilə arasındakı məsafə dəyişir. Ay Yerə ən yaxın olduğu nöqtədə təxminən 363.300 kilometr, ən uzaq nöqtədə isə 405.500 kilometr məsafədə yerləşir. Bu səbəbdən, Aya uçuş müddəti buraxılış anına və seçilən trayektoriyaya bağlı olaraq dəyişir.
Tarixdə Aya göndərilən insanlı missiyalar hədəfə təxminən üç gün ərzində çatıblar. Ən sürətli missiya olan "Apollo 8" Ay orbitinə 69 saata, "Apollo 11" isə 75 saat 50 dəqiqəyə çatıb. Ay səthinə eniş üçün əlavə bir gün sərf olunub.
"Apollo" missiyalarında istifadə edilən əsas metod "birbaşa transfer orbitası" adlanırdı. Bu üsul, həm Yerin, həm də Ayın cazibə qüvvəsindən istifadə edərək sürətli bir keçid təmin etsə də, yüksək yanacaq sərfiyyatına səbəb olurdu.
Yeni nəsil metodlar və yanacağa qənaət strategiyaları
Sonrakı illərdə Mars və Yupiter kimi uzaq planetlərə göndərilən missiyalar göstərib ki, cazibə qüvvəsindən istifadə edərək daha uzun, lakin yanacaq baxımından qənaətcil trayektoriyalar seçilə bilər.
2003-cü ilin sentyabrında Avropa Kosmik Agentliyi (ESA) bu yanaşmadan istifadə edərək "SMART-1" peykini göndərib. Peyk Yerin orbitində 13 ay boyunca spiral şəklində hərəkət edərək minimal yanacaq sərfiyyatı ilə Aya çatıb. İnsanlı Ay missiyaları bu qədər uzun trayektoriya seçməsə də, yanacaq qənaəti məqsədilə bəzi dəyişikliklər edilə bilər.
Məsələn, uzaq kosmosa göndərilən sondalar mümkün qədər sürətlə Yerdən uzaqlaşmağı hədəfləyir. NASA-nın "New Horizons" (Yeni Üfüqlər) missiyası 2006-cı ildə cəmi doqquz saat ərzində Ayın yanından keçərək, Plutona isə doqquz ilə çatıb.
Sovet İttifaqının 1959-cu ildə Aya göndərdiyi ilk missiya olan "Luna 1" də olduqca sürətli idi və cəmi 34 saata hədəfə çatıb. Lakin hesablama səhvinə görə Ayın yanından keçərək, dərin kosmosda yoluna davam edib.
NASA-nın Mars Kəşf Orbiteri isə Marsa yeddi aya çatıb. Bu, gələcəkdə Marsa insanlı missiyaların nə qədər çətin olacağını göstərir.
Aya səyahət yenidən prioritetə çevrilir
Bugünkü kosmik missiyalar yalnız sürətə deyil, həm də effektivliyə və uzunmüddətli məqsədlərə yönəlib. Aya qayıtmaq üçün yeni texnologiyalardan istifadə edilməsinə baxmayaraq, missiyalar daha qənaətcil və təhlükəsiz olması üçün fərqli trayektoriyalar seçilir. Bunun nəticəsində Aya səyahət müddəti uzansa da, gələcəkdə kosmosda daha uzaq hədəflərə çatmaq üçün daha dayanıqlı metodlar hazırlanır.
Aydın
Şərhlər