ABŞ hökumətinin Effektivlik Departamenti (DOGE), milyarder İlon Maskın rəhbərlik etdiyi qurum, "müəyyən bir anda" fəaliyyətini dayandıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp vurğulayıb ki, "Tesla" və "SpaceX"in baş direktoru onun üçün xüsusi dövlət qulluqçusu kimi cəmi 130 gün müddətinə əlçatandır, bundan sonra isə o, öz şirkətinə qayıdacaq.
"Mən onu bacardığım qədər çox saxlayardım. O, çox istedadlı bir insandır, bilirsiniz, mən ağıllı insanları çox sevirəm, o isə həqiqətən ağıllıdır və yaxşı iş görüb. Bir anda İlon öz şirkətinə qayıtmaq istəyəcək", - deyə ABŞ prezidenti Mask barədə bildirib.
Onun gedişindən sonra DOGE işçilərinin fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suala cavab verən Tramp izah edib ki, federal agentliklərinin rəhbərləri "çox şey öyrəniblər" və bəziləri DOGE əməkdaşlarını saxlamaq istəyəcək.
"Bir an gələcək ki, katiblər bu işi, necə deyərlər, cərrah dəqiqliyi ilə yerinə yetirə biləcəklər və biz məhz bunu istəyirik", - deyə ABŞ prezidenti əlavə edib.
Xatıaladaq ki, Tramp hələ prezident seçkilərində qələbə qazanmazdan əvvəl Maskın administrasiyasında vəzifə alacağını, konkret olaraq yeni yaradılmış Dövlət İdarəçiliyinin Effektivlik Departamentinə (DOGE) rəhbərlik edəcəyini elan etmişdi. Departamentin vəzifəsi "hökumət bürokratiyasının "sökülməsi”, artıq qaydaların azaldılması, israfçı xərclərin ixtisarı və federal agentliklərin yenidən qurulması" idi.
2025-ci ilin mart ayının əvvəlində Tramp dövlət qulluqçularının kütləvi ixtisarları fonunda Maskın səlahiyyətlərini məhdudlaşdırıb. ABŞ prezidenti bəyan edib ki, Dövlət İdarəçiliyinin Effektivlik Departamentinin rəhbəri Mask kadr siyasəti ilə bağlı müstəqil qərarlar qəbul etmək səlahiyyətinə malik deyil, yalnız departamentlərə tövsiyələr verə bilər.
Bundan əlavə, Maskın 130 günlük müddətlə müvəqqəti dövlət qulluqçusu təyin olunduğu barədə də məlumat yayılmışdı. Bununla belə, Tesla və SpaceX rəhbərinin Vaşinqton rəhbərinin baş müşaviri vəzifəsində daha uzun müddət qala biləcəyi və vəzifədə qalma müddətinin dəqiq bitmə tarixinin məlum olmadığı KİV-lər tərəfindən qeyd olunmuşdu.
Alpər
Şərhlər