Psixoloqlar çoxdan təsdiqləyib ki, əşyalarla təyinatı üzrə davranmamaq, onlarla dalaşmaq, əşyaları döymək insan psixikasının əyriliyindən xəbər verir.
Söhbətə biraz uzaqdan başlamaq istəyirəm. Köhnə kişilərin yadında olar, mühərrikində problem olan sovet maşınlarını "ruçka” deyilən xüsusi əyri loma oxşayan dəmirlə motorun qabağındakı mühərrikin pərini fırladaraq qolgücünə işə salırdılar. Həmin əyri dəmiri maşının qabağından motorun pərinə salıb sürətlə fırladaraq maşını xoda salmaq istəyən kişiləri uşaq vaxtı çox görürdük. Bəzən maşın gec işə düşdüyündən kişilər növbə ilə həmin ruçkanı fırlamalı olurdular. Belə hallarda xırda minik maşınlarını xoda salmaq elə də çətin olmurdu, əsasən böyük yük maşınları problemə çevrilirdi. Sovxozun bütün ağırlıqlarının altına girən həmin yük maşınları qocalıb yorulmuş qoşqu öküzlərini xatırladırdı. Yükün altında zarıya-zarıya hərəkət edirdilər. Həmin yük maşınları yatanda onları işə salmaq çox çətin olurdu. Bir də görürdün qolu zorlu kişilər həmin maşının qarşısına yığılıb növbə ilə "ruçka” fırladırlar.
Kəndimizdə "Qaz-51”, "Qaz-53” tipli yük maşınlarından əlavə bir "Zil-31” yük maşını da vardı. Həmin "Zil-31” öz zarıncı səsi ilə lap uzaqdan da tanınırdı. Bu nəhəng maşını Məsim adlı orta yaşlı bir kəndçimiz sürürdü. Əvvəllər Məsimin ayaması yox idi, günlərin bir günü ona da bir ad verdilər, Məsim dönüb oldu Dəli Məsim. Necə olmuşdu?
Bir dəfə Məsimin "Zil”i yenə xoda getmirmiş, dost-tanış yığışıb ruçkanı fırlatmaqda ona kömək edirmiş. Maşın da tərslik edib işə düşmürmüş. Bu zaman əsəbləri tarıma çəkilən Məsim "ruçka”nı, yəni həmin əyri lomu onların əlindən alıb lomla maşını möhkəm "döyür”. Həmin gündən ona Dəli Məsim deyirlər. O gündən kənddə belə məsəl də yaranır: indicə səni Dəli Məsim "Zil”i döyən kimi döyəcəm. Bu sözləri adamlar da biri-birinə deyirdilər. Minik maşını işə düşməyəndə sürücüsü də adətən, öz maşınına bu sözləri deyirdi: "İndicə səni Dəli Məsim kimi əzik-üzük eləyəcəm!”
Ümumiyətlə, cansız əşyalarla əsəbi, sərt davranan adamları çox görmüşəm. Uşaq vaxtdiı bir dəfə sinif yoldaşım ayağından ketanı (idman ayaqqabısı) çıxarmaq istəyəndə düyün düşmüş qaytanı aça bilmədiyi üçün dartıb ayaqqabını cırıq-cırıq eləmişdi.
Gödəkcəsinin zəncirbəndi ilişib açılmayanda sinəsini dartıb dağıdan psixlər görmüşəm. Düymə gec açılanda köynəyini parçalayan görmüşəm. Mənzilin qapısının açar yeri tərsləşdiyinə görə qapını şillə-təpiyin altına salan görmüşəm.
Bir vaxtlar Rusiya bazarlarında alverdən özünə yaxşı şərait düzəldən kəndçimiz Urus Məmməd "Neftçi” gürcülərə uduzduğuna görə əsəbləşərək televizoru aynabənddən aşağı tullamışdı.
Əlbəttə, psixikası yerində olmayan bu cür anormal adamlara ciddi iş tapşırmaq düzgün deyil. Məsələn, bu yaxınlarda xalqımız sərgi üçün Bakıya gətirilmiş, "planeti idarə edən, təbiəti qoruyan, yaradılışın mənbəyi olan qadın” mənasını verən lüt heykələ qarşı Dəli Məsim reaksiyasını verdi. Bu heykəl jesti xalqımız üçün bir test rolunu oynadı. Yalannan goplamaqla deyil, bizim xalq dünyanın sivil tərəfinə çıxmağa hazır deyil. Həmişə Avropa ölkələrini misal gətirən cəmiyətimiz bilməlidir ki, Avropa şəhərləri mifik obrazları simvolizə edən çılpaq insan heykəlləri ilə doludur. Ancaq Bakıda bir həftəlik sərgilənən qadın heykəli onu göstərdi ki, bizim cəmiyət hələ də daşqalaq düşüncəsindədi.
Murad Köhnəqala
Şərhlər