Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Rzayev Babək Vahid oğlunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report” un məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Babək Rzayevin şikayəti üzrə qərar verilib.
Qərara əsasən, Babək Rzayev zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilib, onun barəsində başlanılan iş üzrə icraata xitam verilib.
Həmçinin onun barəsində seçilmiş həbs qətimkan təbiri ləğv edilib və məhkəmə iclas zalında həbsdən azad edilib.
Qeyd edək ki, Babək Rzayev Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.
O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb.
Şərhlər