"Düşünmürəm ki, Trampın kabinetində Maskı qane edəcək hansısa bir vəzifə olsun".
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Donald Trampın ən yaxın silahdaşlarından olan İlon Maskla vidalaşmaq niyyətinin səbəblərini şərh edərkən deyib:.
"DOGE-ni dövlət qanunu əsasında yaratmışdılar. Həmin qanuna görə də bu qurum 130 gündən artıq işləyə bilməz. Qurum isə 130 günə ona verilən tapırığı yerinə yetirməlidir. DOGE təşkilatı bu 130 gündə dövlət xərclərinin səmərəsini müəyyənləşdirib müəyyən tövsiyyələr verməli, tədbirlər görməlidir. 130 gündən sonra isə qanunla onun işləmək hüququ yoxdur", deyə Zərdüşt Əlizadə bildirib.
Bu vaxtın başa çatmasından sonra Trampın Maska hansısa vəzifə verib verməyəcəyi isə ekspertin fikrincə, onların özlərindən asılıdır:
"Verə də bilər, verməyə də. Düşünmürəm ki, Trampın kabinetində Maskı qane edəcək hansısa bir vəzifə olsun. Mask böyük şirkətlər sisteminə rəhbərlik edir. Hazırda onun bəzi şirkətləri ciddi itkilərlə üz-üzədir. Məsələn "Tesla" şirkətindən imtina edirlər. Amma sirr deyil ki, Trampın seçilməsində Maskın, onun pullarının böyük rolu olub. Nəticədə o, kifayət qədər şöhrət qazandı, bütün dünyada tanındı. Hər halda bundan sonra ona hansı vəzifə verilib verilməyəcəyi ilk növbədə Maskın öz istəyindən asılıdır".
Qeyd edək ki, CNN məlumatına görə, ABŞ prezidenti Donald Tramp İlon Maskın DOGE departamentinin fəaliyyətini dayandıracağını bəyan edib: "ABŞ hökumətinin Effektivlik Departamenti (DOGE), milyarder İlon Maskın rəhbərlik etdiyi qurum, "müəyyən bir anda" fəaliyyətini dayandıracaq".
Tramp vurğulayıb ki, "Tesla" və "SpaceX"in baş direktoru onun üçün xüsusi dövlət qulluqçusu kimi cəmi 130 gün müddətinə əlçatandır, bundan sonra isə o, öz şirkətinə qayıdacaq.
Rüfət Sultan
Şərhlər