Xəbər lenti

Mehdi Sənayi Bakıya niyə gəlib? (ŞƏRH)
Siyasət 15:09 01.04.2025

Mehdi Sənayi Bakıya niyə gəlib? (ŞƏRH)

"Azərbaycanın regional əlaqələndirici əhəmiyyəti son illər daha da artıb və Mehdi Sənayinin Bakıya səfəri bunu bir daha təsdiqləyir".

Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin Azərbaycana səfərini şərh edərkən deyib: 

"İranın bu görüşlər vasitəsilə regional təhlükəsizlik məsələlərini müzakirə etməsi və ABŞ-İsrail xətti ilə açıq olmayan danışıqlar aparmaq istəyi, Azərbaycanın bölgədəki strateji mövqeyinin önəmini vurğulayır.  

Azərbaycan açıq şəkildə göstərir ki, onun ərazisi regional güclər arasında gərginlik yaratmaq üçün istifadə edilə bilməz. Xüsusilə də İranın narahatlıqları fonunda Bakı balans siyasətini qoruyaraq, həm İran, həm də Qərb tərəfi ilə münasibətlərini tənzimləməyə çalışır".
 


Həmsöhbətimiz qeyd edir ki, belə bir mövqe, Azərbaycanın sadəcə coğrafi deyil, siyasi və diplomatik gücünü də göstərir:

"Ölkə öz xarici siyasətində müstəqil addımlar atmaqla, bölgədə həm vasitəçi, həm də stabilizator kimi çıxış edir".

Qeyd edək ki, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib. Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib.



İlham Əliyev də öz növbəsində Azərbaycanın və İranın ortaq dəyərləri bölüşdüyünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirib. Prezident Mehdi Sənayinin Azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->