Xəbər lenti

CNN: Müharibənin həlledici döyüşü cəbhədə deyil, Tramp ətrafında gedir
Dünya 11:06 19.05.2025

CNN: Müharibənin həlledici döyüşü cəbhədə deyil, Tramp ətrafında gedir

Ukraynadakı müharibənin taleyi bu gün döyüş meydanında baş verənlərdən deyil, ABŞ prezidenti Donald Tramp ətrafında baş verən siyasi manevrlərdən asılıdır. Analitiklər hesab edirlər ki, müharibənin dayandırılması cəhdlərində həlledici rol məhz Trampın mövqeyinə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN-in yazır.

"Ukrayna müharibəsində əsl döyüş indi Kiyev və ya Dnipro üzərindəki səmada baş vermir... Həlledici mübarizə düşmən tərəflər və onların müttəfiqləri arasında ABŞ prezidenti Donald Trampın diqqəti uğrunda gedir. Tramp sanki sülhə nail olmaq cəhdlərindən getdikcə daha çox məyus olur", – deyə CNN yazır.

Gözlənilir ki, Tramp yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Bu danışıq dönüş nöqtəsinə çevrilə bilər. Həm Moskva, həm də Kiyev Trampı inandırmağa çalışır ki, sülhə əngəl olan qarşı tərəfdir.

Avropa rəsmiləri artıq narahatlıqlarını ifadə edirlər: Trampın münaqişə ilə bağlı baxışlarının onun sonuncu dəfə kiminlə danışmasından asılı ola biləcəyindən ehtiyatlanırlar.

Tramp daha əvvəl Ukrayna prezidenti Zelenski ilə danışdıqdan sonra Kiyevə raket hücumunu pisləmiş və Putinin sülh niyyətlərinə şübhə ilə yanaşdığını bildirmişdi. Bu fikirlər İstanbulda baş tutmamış Rusiya-Ukrayna danışıqlarından sonra daha da kəskinləşib. Bundan sonra Tramp yenidən sülh prosesinə müdaxilə etməyə qərar verib və Putinə zəng etməyə hazırlaşır.

Ukraynada narahatlıq doğuran məqam odur ki, Tramp və Putin telefon danışığında müstəqil şəkildə sülh planı hazırlaya və ABŞ-ın həyati əhəmiyyət daşıyan hərbi və iqtisadi yardımını dayandırmaq təhdidi ilə bu planı Kiyevə diktə etməyə cəhd edə bilərlər.

Analitiklərin fikrincə, Tramp eyni zamanda Kremli sıxışdırmaq üçün də təsir vasitələrinə malikdir. Kreml isə Trampın ABŞ-ın Ukraynaya dəstəyini bərpa etmək qərarına gəlməsindən yayınmaq istəyir.

Bütün bu siyasi təzyiqlərə baxmayaraq, tərəflər hələ də kompromisə hazır görünmürlər. CNN-in yekun qeydi belədir:

"Hətta ABŞ-ın təzyiqi ilə, hətta Trampla birbaşa telefon danışığından sonra belə, nə Moskva, nə də Kiyev mübarizəni davam etdirmək qərarından vaz keçməyə bilər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 19 may tarixində Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacağını bəyan edib. O bildirib ki, Kremlin rəhbəri ilə danışıqların mövzusu müharibənin dayandırılması və ticarət məsələləri olacaq.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da Trampın Putinə edəcəyi zənglə bağlı açıqlama verib. O, bu danışıqların "çox uğurlu" olacağını düşündüyünü bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->