Yeni seçilən Papa XIV Lev bu gün Vatikan şəhərində keçirilən rəsmi intronizasiya mərasimində and içərək vəzifəsinin icrasına rəsmən başlayıb.
Qaynarinfo xəbər verir ki, o, mərasim zamanı "balıqçının üzüyü" adlandırılan ənənəvi Papa üzüyünü taxıb. AFP agentliyi bildirir ki, bu, 1963-cü ildən bəri keçirilmiş ən təntənəli Papa intronizasiya mərasimidir.
Meydanın ətrafında snayperlər yerləşdirilib, hava məkanına dron əleyhinə sistemlər quraşdırılıb və təhlükəsizliyi təmin etmək üçün minlərlə polis əməkdaşı cəlb olunub. Yeni pontifik, kardinalların müşayiəti ilə meydana daxil olarkən minlərlə insan tədbiri nəhəng ekranlardan izləyib. Papa bir uşağı öpmək üçün "Papamobil"ini qısa müddətə dayandırdıqda izdihamdan "Viva il Papa!" (Yaşasın Papa!) səsləri yüksəlib.
İlk mesaj: Birlik çağırışı
Papa XIV Lev çıxışında Katolik kilsəsində dini təbliğat və güc oyunlarına yer olmadığını vurğulayıb, birlik çağırışı edib. Bu fikirlər, müşahidəçilər tərəfindən onun sələfi Fransiskin dövründə islahatçılarla mühafizəkarlar arasında baş verən gərginliyə üstüörtülü istinad kimi dəyərləndirilib.
O, həmçinin qlobal iqtisadi sistemin dünyada ən yoxsul təbəqələri istismara məruz qoymasını tənqid edib və çıxışında bu ədalətsizliyə qarşı mövqe sərgiləyib.
Ukrayna və Qəzza mesajı
Pontifik nitqinin sonunda Ukraynaya "ədalətli və davamlı sülh" arzusunu ifadə edib, həmçinin "uşaqların, ailələrin, yoxsulların və sağ qalanların aclığa məhkum edildiyi" Qəzza zolağındakı vəziyyətə də dualar göndərib.
Papa təvazökar bir üslubla danışaraq, bu rola şəxsi keyfiyyətlərinə görə deyil, "imanınızın və sevincinizin xidmətçisi olmaq istəyən bir qardaşınız kimi" seçildiyini bildirib.
"Balıqçının üzüyü" və onun simvolik mənası
Tədbirdə Papa Katolik kilsəsinin ilk Papası hesab edilən və peşəsi balıqçılıq olan müqəddəs Pyotrun suya tor atmasını təsvir edən qabartması olan ənənəvi üzüyü də qəbul edib. Üzük Luis Antonio Gokim Taqle adlı filippinli kardinal tərəfindən XIV Levin barmağına taxılıb. Bu üzük Papanın şəxsi möhürünü daşıyır və rəsmi sənədlərin təsdiqi üçün istifadə olunur.
Katolik kilsəsinin qaydalarına görə, hər bir Papa vəfat etdikdən sonra onun üzüyü məhv edilir və yeni seçilmiş pontifik üçün yenisi hazırlanır. Son məlumatlara görə, bu üzüyün dəyəri təxminən 520 min ABŞ dolları təşkil etsə də, kilsə üçün onun mənəvi və simvolik əhəmiyyəti maddi dəyərdən qat-qat yüksəkdir.
İlk səfər Türkiyəyə olacaq?
XIV Levin ilk xarici səfərinin Türkiyəyə — xristianlıq tarixi üçün mühüm əhəmiyyətə malik İznik şəhərinə olması gözlənilir. Pontifik Katolik dünyasında böyük önəm daşıyan İznik Konsilinin 1700 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, İznik Konsili eramızın 325-ci ilində Roma imperatoru Konstantin tərəfindən çağırılmış və xristianlıq təlimlərinin əsaslarının müəyyənləşdirildiyi mühüm universal sinod kimi tarixə düşüb.
Aydın
***14.45
Roma Papası XIV Leo papalıq hakimiyyətinin simvollarını – "balıqçı üzüyü” və pallium (xaçlarla işlənmiş yun lenti) alıb.
Qaynarinfo xəbər verir ki, bu qədim ritual 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edir.
Meydanda çoxsaylı dindarlar, həmçinin 150-dən çox xarici dövlət nümayəndə heyəti, kral ailələrinin və dini konfessiyaların nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, mərasimdə Azərbaycandan Milli Məclisin sədri Sahibə Qafarova iştirak edib.
Şərhlər