Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Ukraynanın Avropa İttifaqına üzv olması ölkəsi üçün ən böyük təhlükədir.
Qaynarinfo Macarıstanın MTI informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə o, rəhbərlik etdiyi "Fides” partiyasının tədbirində
danışıb.
Orbanın sözlərinə görə, Macarıstan "başında Soros olmaqla” Brüsseldəki bürokratların hücumu altındadır.
"Onlar Macarıstanı miqrant ölkəsinə çevirmək, uşaqlarımızı gender fəalları vasitəsilə tərbiyədən çıxarmaq, 13-cü pensiyanı ləğv etmək, kommunal xidmətlər üçün dəhşətli qiymətlər tətbiq etmək, macarların pullarını ələ keçirmək və onlardan almaq istəyirdilər”, – deyə Orban bildirib və əlavə edib ki, indi vəziyyət daha da ağırdır, "çünki buna ukraynalılar da qoşulub”.
Orban deyib ki, bu gün Ukraynanın Aİ-yə üzvlüyü Macarıstan üçün ən böyük təhlükədir. Onun fikrincə, Ukrayna dağılmış vəziyyətdədir, "ukraynalılar ayaqda dura bilmirlər”, "onlara başqalarının pulu lazımdır” və buna görə də "onlar dərhal və nəyin bahasına olursa-olsun Aİ-yə daxil olmaq istəyirlər”.
"Ukraynalılar Aİ-yə müharibə gətirəcəklərinə, fermerləri iflasa uğradacaqlarına və bizi Ukrayna mafiyası üçün qapıya çevirəcəklərinə fikir vermirlər, amma biz – macarlar – buna fikir veririk!” – deyə o vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlüyü Qərb üçün sərfəli olsa da, Macarıstan üçün zərərli olacaq.
"Onlar qəhvəni alacaqlar, biz isə xıltını”, – deyə Orban bildirib və əlavə edib ki, ukraynalılar qonşuluqda yaşayırlar və "sərhədlərimizi yaracaqlar, iş yerlərimizi tutacaqlar, pullarımızı alacaqlar”.
Orban söz verib ki, Macarıstan buna müqavimət göstərəcək. Onun sözlərinə görə, "əgər Brüssel və Ukrayna ölkəni ələ keçirsə, onu koloniyaya çevirsə və macar ailələrini soyarsa, bu, ən böyük bədbəxtlik olacaq”.
O, əmindir ki, "həqiqət macarların tərəfindədir”, lakin bildirir ki, bu, kifayət deyil, "həqiqətin arxasında güc durmalıdır”:
"Əgər bu kifayət etsəydi, biz torpağımızın üçdə ikisini itirməzdik”.
Orban xatırladıb ki, macarlar bir neçə dəfə qələbə qazanmağa nail olublar və misal kimi "miqrasiya döyüşünü” göstərib. Onun sözlərinə görə, bu mübarizə Macarıstanı "miqrantlardan azad ölkəyə” çevirib. Həmçinin uşaqların gələcəyi uğrunda apardıqları mübarizədə valideynlərin tərbiyə məsələlərində söz sahibi olmaq hüququnu müdafiə ediblər və "qeyri-təbii baxışları və dəbləri” boğublar.
Xatırladaq ki, bu ilin aprel ayında Macarıstanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilib. Orban bildirmişdi ki, o, Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı səs verib və digərlərini də "Macarıstan iqtisadiyyatını dağıtmamaq üçün” belə səs verməyə çağırıb.
Ukrayna prezidenti Volodimir Zelenski bu məsələyə sərt reaksiya verib. O bildirib ki, Macarıstan vətəndaşlarının 70 faizi Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyir. Onun sözlərinə görə, baş nazir isə bunun əleyhinə çıxır və danışıqların başlanmasına mane olur. Zelenski Orbanı saxta sorğu təşkil etməkdə və guya insanların Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxmasını nümayiş etdirməkdə ittiham edib. Prezidentin fikrincə, Orban bunu şəxsi siyasi məqsədləri üçün edir.
Alpər
Şərhlər