Xəbər lenti

Papa ilə xoş münasibətlərə cəhd: Vatikanın siyasi proseslərə təsiri nə qədərdir?
Siyasət 12:42 19.05.2025

Papa ilə xoş münasibətlərə cəhd: Vatikanın siyasi proseslərə təsiri nə qədərdir?

"Vatikanın siyasi təsiri qeyri-adi dərəcədə böyükdür, özü də bir deyil, dünyanın 160-a yaxın ölkəsinə". 

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Vatikanın dünyadakı siyasi proseslərə təsirini şərh edərkən deyib.

Sərdar Cəlaloğlu bildirib ki, qədim Roma İmperiyası xristian dinini qəbul edəndən sonra dinlə dövlət birləşib:

"Faktiki olaraq Roma İmperiyası eyni zamanda, bir Papalıq kimi də fəaliyyət göstərməyə başladı. Ona görə də 300-400 il ərzində Avropanı, demək olar, Papalıq idarə etdi. Sonradan xristianlıq parçalanana qədər bütün Avropa dövlətləri Roma Papasının iradəsi altına keçdilər. Hətta krallar belə Roma Papasının qarşısında and içirdilər. Səlib yürüşlərini təşkil edən də Roma Papası idi. Yəni Avropanı səfərbər edən də o idi. Tarix boyu Roma Papalığı ciddi siyasi orqan kimi fəaliyyət göstərib".
 


Siyasətçi qeyd edib ki, katolik əhalisinə güclü təsirə malik olduğundan dünyanın əksər siyasi liderləri də Roma Papası ilə münasibətlərə xüsusi önəm verirlər: 

"Avropada din dövlətdən ayrıldıqdan sonra Papalıq da ayrılaraq ayrıca müstəqil subyektə çevrildi. Lakin buna baxmayaraq, dünyanın 160-a yaxın katolik ölkəsinin əhalisinə təsir baxımından ölkələrin siyasətlərinə təsir etmək imkanlarını da özündə saxlamaqda davam edir. Ona görə də bilavasitə dövlətlərə təsir edə bilməsə də, Vatikan insanlara, xalqlara təsir edib, istənilən siyasi qərarları qəbul etmək imkanına sahibdir. Vatikan bir bəyanat yayan kimi 160 ölkənin əhalisi ona uyğun olaraq da addımlar atır. Bunu nəzərə alan katolik dövlətlər Roma Papası ilə xoş münasibətlər yaratmağa çalışırlar".
 
Qeyd edək ki, Vatikana yeni Papa seçilən kimi dünyanın əksər siyasi liderləri onunla görüşüb, müxtəlif məsələləri müzakirə etməyə çalışırlar. Hətta bu posta öz namizədlərini gətirmək uğrunda dövlətlər arasında kənarda qapalı da olsa siyasi mübarizə gedir. 

Vatikan orta əsrlərdə Avropaya ciddi təsir imkanlarına malik olub. Hətta Avropa ölkələrinin kralları belə hakimiyyətə gələrkən, Papanın xeyir-duasını almağa çalışırdılar. Düzdür, sonradan Vatikanın rolu və təsir imkanları azaldı. Amma buna baxmayaraq, yenə də əksər dövlət başçıları Papa ilə görüşməyə, onunla bir sıra məsələləri müzakirə etməyə can atmaqda davam edirlər. 

RÜfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->