Bir neçə gün əvvəl Kəlbəcər rayonundan olan Ayan Hüseynli ABŞ-nin Nyu York şəhərində yerləşən "The New School" universitetinin Beynəlxalq Əlaqələr üzrə magistr proqramını başa vurub. O, universitetdə keçirilən məzun günündə çıxış edib.
Azərbaycanlı gənc çıxışında keçmiş məcburi köçkün həyatından, gələcək planlarından danışıb.
"Mən Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş bir ailədənəm. Ailəm, dünyada milyonlarla insan kimi — və bəzən bəlkə sizlər kimi — evimizi, xatirələrimizi və bir zamanlar yaşadığımız həyatı geridə qoymaq məcburiyyətində qaldı. Biz köçkünlüyün ağırlığını yaşamışıq — qeyri-müəyyənliyi, həsrəti və geri dönə bilmədiyin keçmişlə, qurmalı olduğun gələcək arasında qalıb boğulma hissini.
Amma bütün bunlara baxmayaraq, mən güclü bir həqiqəti öyrəndim: ev sadəcə bir məkan deyil. Ev, səninlə birgə dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli çağıran, bizi irəli çağıran bir məqsəddir", - o çıxışında bildirib.
Modern.az-ın məlumatına görə, Ayanın həqiqətləri dünya və Amerika ictimaiyyətinə çatdırması erməni diasporunu təşvişə salıb.
ABŞ-də erməni tələbələrin yaratdığı təxribatçı təşkilat "The New School" universitetinə müraciət edərək Ayan Hüseynlinin çıxış üçün seçilməsinin yenidən nəzərdən keçirilməsini tələb edib.
Lakin erməni diasporunun bu cəhdləri yetərsiz və nəticəsiz qalacaq. Artıq dünya ictimaiyyəti Qarabağ həqiqətlərini anlayır və qəbul edir. Ayan Hüseynli kimi gənclərimiz beynəlxalq platformalarda səslərini ucaldaraq Azərbaycan həqiqətlərini çatdırmaqda davam edirlər. Onun çıxışı təkcə şəxsi bir hekayə deyil, həm də Azərbaycan xalqının ədalətli səsinin təcəssümüdür.
Kəlbəcərin və digər işğal olunmuş ərazilərin azad edilməsi ilə Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq hüquq və tarixi ədalət bərpa oluna bilər. Ayanın çıxışı bu prosesin humanitar və mənəvi tərəfini dünya auditoriyasına çatdırmaq baxımından xüsusi önəm daşıyır. Ermənilərin informasiya müharibəsindəki uğursuzluqları bir daha göstərir ki, saxta hekayələr artıq keçərli deyil. Gerçək hekayələr – Ayan kimi gənclərin dilindən – daha inandırıcı və təsirlidir.
Şərhlər