(IV hissə)
Dəmir heyvanları tövləyə salmamışdan əvvəl tövlənin qarşısındakı geniş xalxala haylayıb çaxçaxı bağladı ki qoyunlar bağa keçməsinlər. Sonra geri, samovarlı stola tərəf qayıtdı. Təzəcə darvazanı arxadan bağlamışdı ki, dəmir qapı döyüldü. Çöldən Məsimin qəzəbli səsi gəldi:
- Ay Dəmir, Dəmiiiir, aç əəə, qapını!
Dəmir tələsik darvazanın işlək qapısını açdı:
- Ayə, bir içəri keç görək nə olub, bu nə hikkədi?
Məsim əsəbi halda:
- Hanı sənin o şərəfsiz robotun, hanı o cındır?..
Məsimin bu hərəkətini görən Robik çaşqın halda həyətin ortasında donub qalmışdı. Aygün xanım da tələsik onların yanına yüyürdü:
- Noolub, a Məsim qardaş, nağayrıb ki, bizim bu biçarə Robik?
Məsim üzünü Dəmirə tutub:
- Ayə, yolda camaatın yanında mənə: "Salam a Məsim xala, nətərisən?” – deyib keçdi. Kəndin içində biabır olmuşam, çayxanada hamı bundan danışır, millət mənə gülür. Sən nətəri proqram yüklədibsən ki, bu hələ kişi ilə qadını ayırd eləyə bilmir? – qəzəblə dilləndi.
- Ayə, sən canın sakitləş, mən də dedim gösəsən nə olub. Robotdu danaa, hamı bilir ki, proqramı dolaşa bilər. Otur-otur, gə bir çay içək, hirsin soyusun.
Məsim:
- Ayə, hirsin soyusun nədi? İndicə sənin bu Robikini təpiyimin altına salacam – deyib, Robiki yanına çağırdı – bura gəl görüm əə, sarsaq kopayoğlu, o nədi mənə dedin camaatın içində?
Robik onlara yaxınlaşıb:
- Mən sənə neyləmişəm, ay Məsim xala? – söylədi.
Onun sözünü eşidər-eşitməz Məsim robota bir şillə ilişdirdi və hirslə:
- Gördün nə dedi? Bu alçaq bizi dolayıb ee! Guya bilmir mən kişiyəm?
Aygün tez Robiklə Məsimin arasına keçdi:
- A Məsim qardaş, sən allah onu vurma, yəqin proqramında səhvlik olub, Elgünü çağırarıq indi, düzəldər. Bunun nəyindən inciyirsən, robotdu daa, dəmir parçasıdı.
Dəmir Məsimi qucaqlayıb kənara çəkərək:
- Ayə, sən canın gəl otur, hər xırda şeydən ötrü hirslənmə. Otur bir çay içək, hamısı düzələcək, - dedi.
Nəysə, onlar birtəhər Məsimi sakitləşdirib çay süfrəsində oturtdular. Məsim hirsli-hirsli Robikə işarə edərək Dəmirə:
- Ayə, sən canın ona denən heç olmasa gözümün qabağından rədd olsun! – dedi.
Dəmir üzünü Robikə tutub amiranə tərzlə:
- Ayə, sən də rədd ol burdan daa, get o tərəfdə dayan! – söylədi.
***
Dəmir Elgünə zəng eləyib əhvalatı ona danışdı. Yarım saatdan sonra Elgün Dəmirgilə gəldi. Elgün Robiki yanına çağırıb proqramına əlavələr edərək onu danladı:
- Ay axmaq, bəs, sən bilmirsən kişiyə xala yox, dayı deyərlər? Eybi yox, yaddaşına həkk edərəm. Bil ki, bir adamın bığı oldu, yaxud saqqalı oldu, bil ki, kişidi, ona dayı demək lazımdı! Bildinmi?
Robik gülərək:
- Ay daaa, mən də deyirəm kişi niyə dəli olub! Yazığı el içində biabır eləmişəmmiş! – deyib təzədən qırıq-qırıq gülməyə başladı.
- Eybi yoxdu, - Aygün xanım söhbətə qarışdı, - hamı bilir ki, sən bunu qəsdən eləməmisən, biraz keçər Məsimin də hirsi yatar, vecinə də alma. O da zalım oğlu, robotdan inciyir, başa düşmür ki, texnikadı, yanlışlar olar, burda nə var ki!
- Hə valla, - Elgün onun sözlərinə qüvvət verdi, - yaxşı ki, deməyib günah Elgündədi.
- Demədi yox, onu mən də fikirləşmişdim, ancaq heç səndən söz salmadı, - Dəmir dedi.
Onlar təzədən gülüb Robikə baxdılar. Robik led işıqlarını yandırıb onlara qoşularaq gülməyə başladı.
***
Səhər tezdən Dəmir heyvanları Robikin qabağına qataraq darvazadan yola ötürəndə:
- Taa, bildin dəə, Robik, - dedi, - kişilərə "dayı”, qadınlara "xala”, artıq söz işlədib boşboğazlıq eləmə! Oldu?
- Əlbəttə! – Robik güldü, - bığ-saqqal, hamısı yadımdadı! Narahat olma, dayı, axşam malları tox, şad-xürrəm evə gətirəcəm!
- Oldu, yaxşı yol sənə! – Dəmir onun arxasınca dilləndi.
***
Axşam üstü malları evə gətirəndə Robikin yanı ilə kəndin bir neçə uşağı da gülə-gülə, onunla söhbət eləyə-eləyə gəlirdilər. Evə çatanda Robik darvazanı döydü. Dəmir kişi tezcə qapını açdı və şən uşaqları görüb:
- Həə, uşaqlar, deyəsən, Robik sizin də xoşunuza gəlib. Necədi, Robik, nədən danışırdınız? Baaax, bizim Robik çox ağıllıdı haaa, istənilən dərsi ondan soruşa bilərsiniz. Ən mürəkkəb misalları, məsələləri həll eləyir. Aranızda şahmat oynayan varsa gəlsin, axşamlar oturun oynayın Robiklə. Sizə şahmatın sirlərini öyrədər ee, mənim Robikim!- söylədi.
Uşaqlardan biri:
- Dəmir dayı, bilirsiz Robik niyə xoşumuza gəldi? Bayaq yanımızdan ötəndə ö tərəfdən qoyun-keçi gəlirdi, Robik keçiyə "Necəsən keçi dayı?” dedi.
Ölmüşük gülməkdən. Kənddə belə zarafatcıl robot görməmişdik heç. Deyir, pişiklərə də dayı demək lazımdı. Deyirəm, niyə? Deyir necə niyə, onların da bığı var. Ölmüşük gülməkdən. Çox məzəlidi sizin Robik. Deyir, uşaqlar, siz də belə eləyin, kimdə bığ-saqqal oldu ona dayı deyin, onda sizə tərbiyəli uşaq deyəcəklər! – gülə-gülə söylədi.
O biri uşaqlar da ona qoşulub güldülər. Dəmir kişi işin nə yerdə olduğunu anladı və uşaqları başından eləmək üçün:
- Çox sağolun, uşaqlar, siz doğrudan da Robikin yumorunu yaxşı başa düşmüsünüz. Bəli, mənim Robikim çox şən oğlandı. Ancaq indi gedin evinizə, Robik də yorulmuş olar, qoyun biraz dincəlsin, başqa vaxt gələrsiniz, - deyib uşaqları yola saldı və darvazanı bağladı.
Murad Köhnəqala
Şərhlər