Xəbər lenti

Rumıniyada seçkilər: Trampın dəstəklədiyi namizəd məğlub oldu
Dünya 10:32 19.05.2025

Rumıniyada seçkilər: Trampın dəstəklədiyi namizəd məğlub oldu

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarest meri, Qərb yönlü namizəd Nikuşor Dan qalib gəlib. 

Qaynarinfo xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 100%-ni emal etdikdən sonra elan edib ki, Nikuşor Dan 53,6% səs toplayıb.
 
Onun əsas rəqibi, Rusiyayönlü namizəd Corce Simion isə 46,4% səs qazanıb.

Xatırladaq ki, səsvermədən əvvəl keçirilən exit-poll nəticələri Danın qalib gələcəyini göstərirdi. Lakin həmin vaxt Simion bu məlumatlara etibar etmədiyini bildirmiş və özünü qalib elan etmişdi.

Ancaq rəsmi nəticələrin dərcindən sonra o, məğlubiyyətini etiraf edib:
"Mən rəqibim Nikuşor Danı təbrik etmək istəyirəm. O, seçkiləri qazandı və bu, Rumıniya xalqının iradəsi idi", – deyə Simion Facebook-da yaydığı videoda bildirib.

Bununla belə, o əlavə edib ki, "Rumıniya uğrunda mübarizəni davam etdirmək" niyyətindədir.

"Reuters” agentliyi qeyd edir ki, Rumıniyadakı seçkilər, həmçinin Polşada keçirilən prezident seçkilərinin birinci turu bütün Avropada diqqətlə izlənilirdi. Səbəb isə miqrasiya və həyat xərcləri ilə bağlı xalq narazılığının Trampın mövqeyini gücləndirməsi və Avropanın Rusiya ilə mübarizə məsələsində birliyini sarsıtması qorxusudur.

Rumıniya prezidenti geniş səlahiyyətlərə malikdir. O, hərbi yardım barədə qərarlar verən müdafiə şurasına rəhbərlik edir, həmçinin xarici siyasəti idarə etmək və Aİ-də yekdillik tələb edən məsələlərə veto qoymaq hüququna malikdir.

Siyasi analitiklər hesab edirlər ki, Simionun qələbəsi Rumıniyanın beynəlxalq arenada təcridinə, özəl investisiyaların azalmasına və NATO-nun şərq cinahında sabitsizliyə səbəb ola bilərdi.

Ukrayna Prezidenti Vladimir Zelenski artıq Nikuşor Danı qələbə münasibətilə təbrik edib və bunu "tarixi” adlandırıb. O bildirib ki, Ukrayna üçün Rumıniya kimi etibarlı tərəfdaşa sahib olmaq çox önəmlidir. Çünki bu əməkdaşlıq həm iki ölkəni, həm də Avropanı gücləndirə bilər.

Xatırladaq ki, Nikuşor Dan rəqibi Corce Simiondan fərqli olaraq, ardıcıl şəkildə Ukraynaya Rusiyaya qarşı müharibədə dəstək verib. Aprel ayında o bəyan etmişdi ki, bu müharibə Rumıniya və Moldova üçün təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır və Kiyevə hərbi yardımın davam etdirilməsinin vacibliyini vurğulamışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->