Kembric Universitetinin alimləri müəyyən ediblər ki, eramızın 367-ci ilində Britaniyada baş vermiş barbar üsyanının – tarixdə "barbarların sui-qəsdi” kimi tanınan hadisənin əsas səbəblərindən biri Cənubi Britaniyanı bir neçə il əvvəl bürümüş ekstremal quraqlıq olub.
Qaynarinfo xəbər verir ki, bu araşdırmanın nəticələri "Climatic Change" jurnalında dərc edilib.
367-ci ilin hadisələri, Böyük Britaniyada Roma hakimiyyəti üçün Boudikka üsyanından sonra ən ciddi zərbə olub. Hadisələr zamanı Hadrian səddindəki qarnizonların bir hissəsi düşmənin tərəfinə keçib və şimaldan gələn pikti tayfalarını əraziyə buraxıblar. Eyni vaxtda qərbdən İrlandiyadan gələn skottlar, cənubdan isə materikdən sakslar hücum ediblər. Roma komandirləri öldürülüb və ya əsir alınıb, əsgərlər isə ordudan qaçaraq işğalçılara qoşulublar. Britaniya qısa zamanda xaosa qərq olub və imperiyanın ölkədə sabitliyi bərpa etməsi iki il çəkib.
Palıd ağaclarının illik halqalarının təhlilinə əsaslanan araşdırmada məlum olub ki, 364-366-cı illərdə bölgədə ard-arda üç yay mövsümü anomal şəkildə quraqlıqla keçib. Adətən aprel-iyul aylarında orta hesabla 51 mm yağıntı düşürdüsə, həmin illərdə bu göstərici müvafiq olaraq 29 mm, 28 mm və 37 mm olub. 350-500-cü illər aralığında bu səviyyədə başqa heç bir quraqlıq qeydə alınmayıb. Bundan əlavə, son iki əsrdə Britaniyada belə uzunmüddətli və intensiv quraqlıq baş verməyib.
Kembric Universitetinin coğrafiya üzrə professoru Ulf Büntgen bildirib ki, bu cür quraqlıq Roma Britaniyasının kənd təsərrüfatı üçün fəlakətli təsir göstərə bilərdi. Xüsusilə də əsas əkin məhsulları olan buğda və arpa yazda əkildiyi və yay əvvəllərində su çatışmazlığına həssas olduğu üçün məhsuldarlıq kəskin şəkildə azalmış ola bilər. Həmin dövrün Roma tarixçiləri də aclıqdan bəhs edirlər: 367-ci ildə Ammiann Marçellin ada sakinlərinin "şiddətli aclıq vəziyyətində" olduqlarını yazmışdı.
Alimlərin fikrincə, taxıl çatışmazlığı ordunun, o cümlədən Hadrian səddindəki qarnizonun təminatını zəiflədib. Bu isə əsgərlər arasında narazılığa və üsyana səbəb ola bilərdi. Nəticədə region bütün istiqamətlərdən hücumlara açıq qalıb. Vəziyyəti daha da ağırlaşdıran amil isə Britaniya resurslarının Reyn müdafiəsinə yönəldilməsi və vilayətin təcrid olunaraq metropolidən sürətli yardım ala bilməməsi olub.
Tədqiqatçılar qeyd edirlər ki, barbarların hücumu ac tayfaların nizamsız basqını deyil, zəiflədilmiş regiona qarşı koordinasiyalı hücum olub. Bu da göstərir ki, iqlim siyasi və hərbi fəlakətlərdə əsas rol oynaya bilər və bu, təkcə tarixi başa düşmək baxımından deyil, həm də müasir risklərin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Aydın
Şərhlər