Okeanların ən sirli canlılarından biri hesab edilən nəhəng kalmar "Schmidt Ocean Institute" təşkilatının "Falkor" tədqiqat gəmisi vasitəsilə ilk dəfə canlı şəkildə qeydə alınıb. Bu kəşf, həmin növün dəniz ekosistemindəki rolu və indiyədək məlum olmayan xüsusiyyətləri barədə yeni ipucları təqdim edə bilər.
Qaynarinfo xəbər verir ki, lalmarlar dünyanın ən ağıllı canlıları arasında yer alır. Eyni zamanda, insan tərəfindən tez-tez istehlak olunan dəniz məhsullarından biridir. Xüsusilə nəhəng kalmarlar təbiətdə nadir hallarda müşahidə olunduğundan, elmi ictimaiyyət üçün daim maraq doğurub.
Təxminən 100 il əvvəl balıqçı torlarına düşən bir nəhəng kalmardan sonra bu növü yenidən tapmaq və görüntüləmək mümkün olmamışdı. İndiyədək əsasən balinaların həzm sistemində tapılan qalıqlar və ya ölməkdə olan yetkin fərdlər vasitəsilə mövcudluğu təsdiqlənmişdi. Lakin 7 metr uzunluğundakı bu əfsanəvi canlının canlı görüntüləri əldə olunmamışdı.
Lakin 9 mart tarixində, "Schmidt Ocean Institute"un "Falkor" adlı tədqiqat gəmisində çalışan alimlər nəhayət bir nəhəng kalmarı görüntüləməyi bacarıblar. Görüntülənən fərd yetkin olmasa da və cəmi 30 santimetr uzunluğunda olsa da, bu hadisə canlı olaraq qeydə alınan ilk görüntü olduğu üçün elmi baxımdan böyük əhəmiyyət daşıyır.
Elmi adı Mesonychoteuthis Hamiltoni olan bu nəhəng kalmarlar okeanın 500 ilə 1.000 metr dərinliyində yaşayır. Bu dərinliyə hər gün kamera endirmək texniki cəhətdən çətin olduğuna görə, onları təbii mühitlərində müşahidə etmək çox çətin sayılır. Buna görə də, canlı bir fərdin görüntülənməsi tədqiqatlar baxımından mühüm irəliləyiş hesab olunur.
Mesonychoteuthis Hamiltoni növü təxminən yarım ton çəkiyə qədər böyüyə bilir. Böyük ölçülərinə baxmayaraq, olduqca çevik və ağıllı olan bu canlıları tutmaq son dərəcə çətindir. Çünki qaranlıq okean dərinliklərində sürətlə hərəkət edə bilir və inkişaf etmiş qaçış strategiyalarından istifadə edir.
Nəhəng kalmarların sirrini açmaq məqsədilə aparılan tədqiqatlar, bu canlıların ekosistem daxilindəki rolunu daha yaxşı anlamağa imkan yaradacaq. Qarşıdakı illərdə daha böyük fərdlərin də görüntülənməsi ilə bu növ haqqında məlum olmayan bir çox detal ortaya çıxa bilər.
Aydın
Şərhlər