Xəbər lenti

Qaqauzların Türkiyədən dəstək istəməsi: Rusiyaya simvolik, strateji jest... (ŞƏRH)
Dünya 20:02 18.04.2025

Qaqauzların Türkiyədən dəstək istəməsi: Rusiyaya simvolik, strateji jest... (ŞƏRH)

"Qaqauzların Türkiyədən dəstək istəməsi həm simvolik, həm də strateji bir jestdir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Moldovanın muxtar qurumu Qaqauziyanın Rusiya və Türkiyəni rəsmi Kişinyovun muxtariyyət hüquq və qanunlarına əməl etməsinin təminatçısı kimi çıxış etməyə çağırmasını şərh edərkən deyib.

"Qaqauzlar etnik olaraq türk, oğuz mənşəlidirlər, dili də Oğuz türk dilləri qrupuna aiddir. Hətta Qaqauziya muxtariyyətinin bayrağında da türkçülüyə işarə edən simvollar var. Bütün bunlar Türkiyə ilə tarixi və mədəni bağların varlığını nümayiş etdirir. Bu dəstək çağırışı qaqauzların öz etnik köklərini və identitetlərini vurğulamaq cəhdidir", deyə Vüqar Zifəroğlu bildirib.

Ekspertə görə, qaqauzların bu addımı eyni zamanda Türkiyəni geosiyasi bir oyunçu kimi prosesə cəlb etməyə yönəlmiş bir manevrdir. Siyasi şərhçinin fikrincə, qaqauzlarla bağlı məsələdə Qərbə yaxınlığı ilə seçilən Moldova üçün Rusiyadan fəqrli olaraq, NATO üzvü olan Türkiyə daha münasib diplomatik kanal hesab edilir: 

"Türkiyə NATO üzvü olduğu üçün Avropa strukturlarına daha çox çıxışı var. Bu baxımdan Türkiyə Moldova hökuməti üçün Rusiya qədər sərt və təcavüzkar görünməyən, amma təsirli diplomatik vasitəçidir. Türkiyə TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) vasitəsilə Qaqauziyada məktəblər, mədəniyyət mərkəzləri, infrastruktur layihələri həyata keçirib, yəni Qaqauziyada nüfuz və təsirə malikdir. Bu yumşaq güc vasitəsi ilə bölgədə təsir dairəsini artırmaq mümkündür".
 


Həmsöhbətimiz düşünür ki, bu amillər Türkiyənin Moldova və Qaqauz nümayəndələri arasında vasitəçi kimi çıxış edərək sabitlik yönündə diplomatik rol oynaya biləcəyini göstərir. Lakin Vüqar Zifəroğlu qeyd edib ki, bununla belə, Türkiyənin bu məsələdə bir qədər daha ehtiyatlı davranmasını şərtləndirən iki ciddi məqam da var: 

"İlk növbədə vurğulamaq lazımdır ki, qardaş ölkə hazırda bir çox regional münaqişələrlə məşğuldur və bu mənada balanslı siyasət yürütməkdədir, ələlxüsus Rusiya ilə bağlı (Yaxın Şərq, Qafqaz, Ukrayna müharibəsi kontekstində balans siyasəti). İkinci məqam odur ki, Moldova Avropa İttifaqına inteqrasiya prosesindədir, bu da Türkiyənin müdaxiləsinə ehtiyatla yanaşmağa səbəb ola bilər".

Vüqar Zifəroğlu düşünür ki, xristian pravoslav olan qaqauzların Türkiyədən dəstək istəməsi onların yalnız Rusiya kartına güvənməmək istədiyini, məsələyə etnik və mədəni identitet prizmasından da yanaşdıqlarını göstərir:

"Bu, həm də Rusiya üçün bir xəbərdarlıq ola bilər: "Biz sizi tam təmsil etmirik".

Həmsöhbətimiz qeyd edib ki, Türkiyə prosesə aktiv qoşulsa, bu, həm Moldova hökumətinə, həm də Qərb dairələrinə Qaqauz məsələsinin sadəcə Rusiya vasitəsilə həll olunmayacağı mesajını verə bilər:

"Lakin Türkiyə kənarda qalarsa, bu, Rusiyanın oradakı təsirinin daha da dərinləşməsinə yol açacaq. Qaqauzlar üçün isə bu çağırış həm siyasi strategiya, həm də kimlik nümayişidir".

Qeyd edək ki, Qaqauziyanın paytaxtı Komratda keçirilən kütləvi mitinqin iştirakçıları Rusiya və Türkiyəni Moldova rəhbərliyinin muxtariyyət hüquq və qanunlarına əməl etməsinin təminatçısı kimi çıxış etməyə çağırıblar. Bunu İcraiyyə Komitəsi sədrinin müavini İlya Uzun minlərlə etirazçı qarşısında çıxışında deyib:

"Biz Moldova, Rusiya, Türkiyə və Qaqauziyadan ibarət dördtərəfli komissiya yaratmağı xahiş edirik. Son 30 ildə hansı səlahiyyətlərin əlimizdən alındığını tam təhlil etmək istəyirik, çünki onlar Qaqauziyanı adi bir bölgəyə çevirmək istəyirlər. Qanunlarımıza birtərəfli dəyişiklikləri qadağan edən qanunun qəbulunu tələb edirik".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->