Avropada yay istiləri ildən-ilə daha da güclənir və bu il bir sıra uzunmüddətli temperatur rekordlarının yenilənə biləcəyi ehtimal olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "TwojaPogoda” nəşri yazır.
Məqalədə qeyd olunur ki, 20-ci əsrdə Şimali Avropada 30 dərəcədən yuxarı temperatur yalnız bir neçə gün davam edirdisə, indi bu, yay mövsümünün adi göstəricisinə çevrilib.
Polşada son illər müşahidə edilən yaylar meteoroloji müşahidələr tarixində ən isti dövrlər kimi qiymətləndirilir. Ölkə üçün iqlim norması yayda 30 dərəcədən yuxarı temperaturun 10 gündən az olması sayılırdı. Lakin son illərdə bu rəqəm təxminən 30 günə qədər yüksəlib.
Xüsusilə 2018, 2019 və 2024-cü illər Polşa üçün son dərəcə isti illər kimi qeyd olunur və bir çox bölgədə temperatur rekordları yenilənib. Hazırda ölkədə simvolik olaraq 40 dərəcə həddinin keçilməsi əsas göstərici hesab olunur.
Polşada rəsmi maksimum temperatur 1921-ci ilin iyulunda 40,2 dərəcə kimi qeydə alınıb. Lakin müasir meteoroloqlar bu göstəricinin o dövrdə ölçmə metodlarının qeyri-dəqiq olması səbəbilə şübhəli ola biləcəyini bildirirlər. Daha etibarlı rekord isə 1994-cü ildə qeydə alınan 39,5 dərəcə hesab olunur.
Son illərdə temperatur bir neçə dəfə 40 dərəcəyə yaxınlaşsa da, bu həddi keçməyib. Bununla belə, mütəxəssislər yaxın illərdə bu rekordin yenilənəcəyini istisna etmirlər.
Qonşu ölkələrdə isə artıq yeni rekordlar qeydə alınıb: Almaniyada 41,2 dərəcə, Çexiyada 40,4 dərəcə, Slovakiyada 40,3 dərəcə, Ukraynada isə Luqanskda 42 dərəcəyə qədər temperatur ölçülüb.
Mütəxəssislərin proqnozlarına görə, bu il Avropada isti hava kütlələrinin Şimali Afrika və Cənub-Qərbi Asiyadan tez-tez gəlməsi səbəbindən yay çox sərt keçə bilər. Bu isə 40 dərəcəlik həddin keçilməsi ehtimalını artırır. Alimlər isə bildirirlər ki, bu tendensiya davam edərsə, növbəti onillikdə yeni rekordların yenilənməsi qaçılmazdır.
Aydın
Şərhlər