ABŞ-ın raketdən müdafiə proqramı olan və prezident Donald Tramp tərəfindən irəli sürülən "Qızıl günbəz" ölkə tarixində ən bahalı hərbi layihələrdən birinə çevrilə bilər. Əvvəllər sistemin dəyəri 185 milyard dollar olaraq qiymətləndirilirdisə, indi söhbət 1 trilyon dollardan da çox məbləğdən gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Kosmik Qüvvələrinin generalı və "Qızıl günbəz" layihəsinin direktoru Maykl Getlayna istinadən yazıb. O bildirib ki, Konqresin Büdcə İdarəsinin hesabatı natamam məlumatlara əsaslanır.
Yeni müzakirələrə səbəb ABŞ Konqresinin Büdcə İdarəsinin hesabatı olub. Həmin hesabatda genişmiqyaslı raketdən müdafiə qalxanının yaradılması üçün real xərclərin 1,2 trilyon dollara çata biləcəyi göstərilir. Lakin layihə rəhbərliyi bu qiymətləndirmənin belə tam olmaya biləcəyini iddia edir.
ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getlayn bildirib ki, analitiklər sistemin bütün arxitekturasını nəzərə almayıblar. Bu arxitekturaya kosmik komponentlər, peyk infrastrukturu və raketlərin qarşısını almaq üçün yeni texnologiyalar daxildir.
Onun sözlərinə görə, layihə ilə bağlı məlumatların böyük hissəsi xarici kəşfiyyat təhdidləri səbəbindən məxfi saxlanılır.
1 trilyon dollardan artıq qiymətləndirmə ilə Respublikaçı senator Tim Şihi də razılaşıb. O, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvüdür. Senator bildirib ki, Trampın baxışına uyğun tam şəkildə həyata keçirilərsə, layihə "çoxtrilyonlu proqram”a çevrilə bilər.
"İnsanlara real dəyər barədə dürüst məlumat vermək lazımdır”, deyə senator bildirib.
Daha əvvəl məlum olub ki, "Pentaqon" "Qızıl günbəz"in maliyyələşdirilməsini genişləndirir və kosmik müdafiə, erkən xəbərdarlıq peykləri və yeni raketdən müdafiə sistemlərinə üstünlük verir.
Eyni zamanda ABŞ-da Tramp administrasiyasının digər iri hərbi təşəbbüsləri də müzakirə olunur. Bunlara "qızıl donanma" və süni intellekt elementlərinə malik ordu yaradılması daxildir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin yanvarında "Dəmir günbəz" tipli raketdən müdafiə sisteminin yaradılması barədə göstəriş verib.
İsrailin "Dəmir günbəz" sistemi 2011-ci ildən istifadə olunur və qısa mənzilli idarə olunmayan raket hücumlarına qarşı müdafiə üçün nəzərdə tutulub. Bu sistem təkcə ayrı obyektləri deyil, bütöv əraziləri və şəhərləri qorumaq qabiliyyətinə malikdir.
Lakin hərbi ekspertlər hesab edirlər ki, ABŞ-da belə bir sistem ya işləməyəcək, ya da həddindən artıq bahalı olacaq. Çünki ABŞ ərazisi təxminən 9,9 milyon kvadrat kilometrdir, İsrailin ərazisi isə 22,1 min kvadrat kilometrdir.
İsrailin "Dəmir günbəz" sistemi yaxın məsafədən atılan raketlərin qarşısını almaq üçün nəzərdə tutulub, ABŞ üçün isə əsas təhlükə Rusiya, Çin və ya KXDR-dən gələn qitələrarası ballistik raketlərdir.
Aydın
Şərhlər