Xəbər lenti

Qızının qətlini araşdırdı, yüzlərlə işin qəhrəmanı oldu - Hər şeyi bir zəng dəyişdi
Dünya 18:42 17.05.2026

Qızının qətlini araşdırdı, yüzlərlə işin qəhrəmanı oldu - Hər şeyi bir zəng dəyişdi

ABŞ-ın Texas ştatında 1984-cü ildə yoxa çıxan 16 yaşlı Laura Millerin ölümü onilliklər boyu "Texas ölüm tarlaları” adlandırılan qaranlıq cinayət işlərinin mərkəzində qalıb.
 
Qaynarinfo xəbər verir ki, qızının qatillərini tapmaq üçün həyatını itkin şəxslərin axtarışına həsr edən ata Tim Miller illər sonra aldığı bir telefon zəngi ilə həm şəxsi faciəsini, həm də bölgədə mümkün silsilə qətllərlə bağlı şübhələri yenidən gündəmə gətirən prosesin başlanğıcını qoyub.

Tim Miller itkin şəxslərin tapılması üçün fəaliyyət göstərən "EquuSearch” adlı könüllü axtarış-xilasetmə təşkilatının qurucusudur. Onun bu sahəyə yönəlməsinin səbəbi 1984-cü ildə 16 yaşlı qızı Laura Millerin yoxa çıxması və iki il sonra meyitinin tapılması olub.

Laura ailəsi Texasın Liq Siti bölgəsinə köçdükdən qısa müddət sonra, sevgilisinə zəng etmək üçün evlərinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində yerləşən ictimai telefona gedib və bir daha geri qayıtmayıb. Polis ilkin mərhələdə onun qaçmış və ya intihar etmiş ola biləcəyini ehtimal edib. Lakin Tim Miller qızının zorla aparıldığına əmin olub.

İki il sonra tərk edilmiş neft sahəsində əvvəlcə kimliyi bilinməyən bir qadının, daha sonra isə Laura Millerin qalıqları aşkarlanıb. Eyni ərazidə daha əvvəl Haydi Fay adlı qadının meyiti də tapılmışdı. Sonradan həmin bölgədə daha bir qadının öldürüldüyü müəyyən olunub və ərazi "Texas ölüm tarlaları” kimi tanınmağa başlayıb.

Şübhə heç vaxt bitmədi

Tim Miller hesab edirdi ki, qızının işi yetərincə ciddi araşdırılmayıb. Onun fikrincə, polis daha operativ və geniş istintaq aparsaydı, həm qızının cəsədi daha tez tapılar, həm də digər cinayətlərin qarşısı alına bilərdi.

O, illərlə şəxsi imkanları hesabına araşdırma aparıb. Bu prosesdə ən çox diqqət çəkən adlardan biri Klayd Hedrik olub. Hedrik 1984-cü ildə Ellen Beason adlı qadının ölümü ilə bağlı "meyiti gizlətmə” ittihamı ilə məhkum edilmişdi. Daha sonradan aparılan ekspertiza Beasonun kəllə sümüyündə zorakılıq izi olduğunu üzə çıxarıb və iş qətl kimi qiymətləndirilib. Hedrik bu dəfə adam öldürmə ittihamı ilə də məhkum olunub.

Bununla belə, Laura Miller, Haydi Fay, Odri Li Kuk və Donna Gonsoulin Prudom işləri uzun müddət açılmamış qalıb. Bölgədə müxtəlif illərdə yoxa çıxan və ya öldürülən çoxsaylı qadınların işi cavabsız suallarla dolu şəkildə arxivlərdə qalıb.

İllər sonra gələn etiraf

Tim Millerin həyatını dəyişən telefon zəngi təxminən dörd il əvvəl gəlib. Zəng edən şəxs Ceyms Elmor adlı bir kişi olub. Onun ilkin mesajları qarışıq və etibarsız göründüyü üçün Miller əvvəlcə ciddi yanaşmayıb. Lakin Elmor bir neçə dəfə yenidən əlaqə saxladıqdan sonra o, zəngə cavab verib.

Miller "Hansı iş?” deyə soruşduqda Elmorun cavabı onu sarsıdıb: "Qızın.”

Elmor iddia edib ki, Hedriki uzun illər tanıyır və bəzi hadisələrə şahid olub, bəzi faktların gizlədilməsinə yardım edib. O, Millerə müxtəlif ünvanları, köhnə neft sahəsini və Lauraya aid yerləri göstərib. Ən təsirli məqam isə Lauraya aid, az adamın bildiyi bir məkanın açıqlanması olub.

Elmorun sözlərinə görə, Hedrik Lauraya nəzarət edib və onun ölümündə rol oynayıb. İddialara əsasən, Laura cinsi zorakılığa məruz qalıb, daha sonra kokain vasitəsilə öldürülüb və meyit daşınıb. Bu ifadələr illərlə açılmayan işin yenidən istintaqa cəlb olunmasına səbəb olub.

Ölüm və ittihamnamə

İstintaq yenidən başladıqdan sonra müstəntiqlər Klayd Hedriklə görüşüb. O, xəstəxanada müalicə aldığı zaman dindirilib. Təxminən bir gün sonra xəstəxana əməkdaşları onun öldüyünü müəyyən ediblər. Rəsmi açıqlamaya görə, Hedrik intihar edib.

Onun ölümü mümkün məhkəmə prosesini dayandırsa da, işi bağlamayıb. Mart ayında böyük jüri Ceyms Elmor barəsində Laura Millerin ölümü ilə bağlı "ehtiyatsızlıqdan ölümə səbəb olma” və həm Laura Miller, həm də Odri Kuk işlərində "sübutları gizlətmə” ittihamları üzrə ittihamnamə irəli sürüb.

İttihamnamədə Elmorun Klayd Hedrikin Lauraya verməsi üçün kokain hazırladığı və bunun ölümə "ehtiyatsızlıqla” səbəb olduğu iddia edilir. Onun məhkəməsinin avqust ayında başlaması gözlənilir. Zamin haqqı 4,5 milyon dollar olaraq müəyyən edilib.

Bitməyən gözlənti

Tim Miller hazırda 80 yaşına yaxınlaşır. Qızının itkisindən sonra yaratdığı "EquuSearch” təşkilatı ilə illərdir itkin şəxslərin tapılması üçün çalışır. Təşkilat 2020-ci ildə Fort Hudda öldürülən Vanessa Gilyen hadisəsində, 2024-cü ildə isə 1999-cu ildən itkin düşmüş Kimberli Lənqvellin evin altında gizlədilmiş cəsədinin tapılmasında rol oynayıb.

Miller üçün Laura işi müəyyən mənada illərlə davam edən ağrı və qəzəbdən sonra qismən də olsa rahatlıq gətirib. Lakin o, "bağlanış” anlayışına ehtiyatla yanaşır.

"Bütün bunların boşa getmədiyini hiss edirəm” deyən Miller qızının işi üzrə bir irəliləyiş olsa da, fəaliyyətini dayandırmayacağını bildirir. Onun sözlərinə görə, hələ də tapılmalı çox sayda itkin şəxs və cavab gözləyən ailələr var.

Aydın
--> -->