Avropa ölkələri NATO-nun sürətli yenidən silahlanması və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda silah və hərbi texnika qiymətlərinin kəskin artması ilə qarşılaşıb. Bəzi hallarda hərbi tədarüklərin dəyəri son iki ildə 50 faizdən çox yüksəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" Estoniyanın müdafiə naziri Hanno Pevkura istinadən xəbər verib. O, Tallində keçirilən Lennart Meri adına təhlükəsizlik konfransında bildirib ki, Avropa hökumətləri bir neçə il əvvəl alınan eyni silahların indi xeyli baha başa gəldiyi vəziyyətlə tez-tez qarşılaşır.
"Qiymətlər artır. Bəzən iki il əvvəlki qiymətlərlə müqayisədə 50–60 faiz daha yüksək olur”, deyə Pevkur bildirib.
Qiymət artımı NATO-nun hərbi potensialını sürətlə artırmaq planlarını ciddi şəkildə çətinləşdirir. Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Avropa ölkələri müdafiə büdcələrini kəskin artırıb və eyni zamanda ABŞ-ın Avropa təhlükəsizliyindəki rolunun azalmasını kompensasiya etməyə çalışır.
Əlavə təzyiqi Ukraynaya göndərilən silah tədarükləri də yaradır. Bu tədarüklərin böyük hissəsi artıq Avropa ölkələri tərəfindən maliyyələşdirilir.
Estoniyanın müdafiə nazirinin sözlərinə görə, Avropa "qapalı dairə” ilə üzləşib: dövlətlər artan təhlükələr səbəbindən daha çox silah almaq istəyir, lakin müdafiə sənayesi uzunmüddətli müqavilələr və maliyyə zəmanətləri olmadan istehsalı genişləndirməyə tələsmir.
Pevkur vurğulayıb ki, Avropa artıq silahlanmanı onilliyin sonuna qədər təxirə sala bilməz. Onun fikrincə, Rusiya NATO-nun gücünü daha tez, hətta bu və ya gələn il sınaqdan keçirə bilər.
O, həmçinin xəbərdarlıq edib ki, Avropanın müdafiə xərcləri uzun müddət yüksək səviyyədə qalacaq və silah istehsalçıları yeni reallıqlara daha sürətli uyğunlaşmalıdır.
Ukraynada müharibə fonunda NATO ölkələri hərbi proqramlarını sürətlə genişləndirməyə davam edir, lakin artan tələbat Avropa silah bazarında güclü təzyiq yaradaraq istehsal gücündə çatışmazlıqlara və texnika ilə sursatın sürətlə bahalaşmasına səbəb olur.
Aydın
Şərhlər