Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ötən həftələrdə dünyanın müxtəlif yerlərindən tədqiqatçılar üçün ümidverici bir açıqlama verib.
Qaynarinfo-nun xəbərinə görə, qitəni alimlər üçün bir "cazibə mərkəzinə” çevirmək məqsədilə 500 milyon avroluq "Elm üçün Avropanı seç” ("Choose Europe for Science”) təşəbbüsü başladılıb.
Bu investisiyanın arxa planını, detalları və qarşısındakı maneələri haqqında məqaləni təqdim edirik.
"Elm üçün Avropanı seç” nədir?
Ursula fon der Lyayen və Fransa prezidenti Emmanuel Makron 5 may bazar ertəsi günü Parisdəki Sorbon Universitetində keçirilən "Elm üçün Avropanı seç” konfransında dünyanın müxtəlif ölkələrindən tədqiqatçıları Avropaya cəlb etməyi hədəfləyən proqramı elan ediblər.
Təşəbbüsün məqsədləri arasında elmin azad qalması, istedada sərmayə qoyulması və Avropada innovasiyaların sürətləndirilməsi yer alır.
Proqram çərçivəsində müxtəlif sahələrdən mütəxəssislərin Avropaya gedərək fəaliyyət göstərməsi üçün 2025–2027-ci illər ərzində 500 milyon avro investisiya ayrılacaq. Makron Fransa hökumətinin əlavə olaraq 100 milyon avro sərmayə qoyacağını açıqlayıb.
Təşəbbüsün məqsədlərindən biri də Aİ ölkələrinin 2030-cu ilə qədər ÜDM-lərinin 3 faizini elmi-tədqiqat və inkişaf layihələrinə yönəltməsidir.
Fon der Lyayen bildirib: "Elmin, Avropadakı gələcəyimizin açarını əlində saxladığına inanıram.”
500 milyon avroluq bu vəsaitin 2021–2027 dövrü üçün artıq 16 milyard avro büdcəsi olan "Avropa Tədqiqat Şurası”na ("ERC”) yönəldilməsi nəzərdə tutulur.
Fransanın təşəbbüsü ilə başladılan bu proqram çərçivəsində "ERC” tərəfindən 7 illik "super qrant” mexanizminin də yaradılması planlaşdırılır. Bu uzunmüddətli maliyyə dəstəyi vasitəsilə aparıcı tədqiqatçılara maliyyə sabitliyi təmin ediləcək.
Fon der Lyayen həmçinin "ERC”nin Avropaya köçmək və yeni laboratoriyalar qurmaq üçün ayırdığı vəsaitin 1 milyon avrodan 2 milyon avroya yüksəldiləcəyini açıqlayıb.
Avropa Komissiyasının sədri əlavə edib:
"Marie Kürü bir zamanlar nə etmişdisə, bu gün də ölkə daxilində və xaricində olan hər bir tədqiqatçıya, elmdə bir gələcək xəyal edən hər bir gənc qadına və kişiyə açıq bir mesajımız var: elmi seçin, Avropanı seçin.”
ABŞ-da elmi fəaliyyətlərə qarşı maneələr
Avropanın bu təşəbbüsünün arxasında, Donald Trampın bu il başlayan ikinci prezidentlik dövründə ABŞ-da elmi fəaliyyətlərə yönələn məhdudlaşdırıcı addımların durduğu ehtimal olunur.
Tramp yanvar ayında vəzifəyə gəldiyi gündən bəri federal maliyyə vəsaitlərini dondurmaqla, istintaqlar başlatmaqla və xarici tələbələrin vizalarını ləğv etməklə universitetləri hədəfə alıb.
Əgər 2026-cı maliyyə ili üçün təklif edilən büdcə qəbul edilərsə, ABŞ Milli Elm Fondunun büdcəsi 56 faiz, Milli Səhiyyə İnstitutlarının (NIH) büdcəsi isə təxminən 40 faiz azaldılacaq.
Belə bir mühitdə işlərini itirən və ya itirmək təhlükəsi ilə üzləşən tədqiqatçılar, eləcə də deportasiya riski daşıyan xarici tələbələr digər ölkələrə yönəlməyə başlayırlar.
Mart ayında "Nature” elmi jurnalında dərc edilən bir sorğunun nəticələrinə əsasən, amerikalı alimlərin 75 faizi ölkəni tərk etməyi düşünür.
Eyni zamanda dünyanın müxtəlif bölgələrindəki tədqiqatçıların ABŞ-a marağının da azaldığı müşahidə olunur. 2025-ci ilin ilk rübündə ABŞ-dakı tədqiqat mərkəzlərinə Çindən edilən müraciətlərin 39, Avropadan edilən müraciətlərin isə 41 faiz azaldığı bildirilir.
5 may tarixində çıxış edən fon der Lyayen ABŞ-ı açıq şəkildə qeyd etməsə də, "Müasir dünyada elmin rolu sorğulanır” deyə bildirib. Makron isə əlavə edib:
"Bir neçə il əvvəl dünyanın ən böyük demokratiyalarından birinin yalnız 'çeşidlilik' sözünə görə tədqiqat proqramlarını ləğv edəcəyini heç kim düşünməzdi.”
Proqram hansı sahələri əhatə edir?
Konfransda 500 milyon avronun konkret olaraq necə xərclənəcəyi açıqlanmayıb. Lakin səhiyyə, süni intellekt, kosmos, iqlim, enerji, kvant texnologiyaları, yarımkeçiricilər, bioloji müxtəliflik, dezinformasiya və ekoloji yönümlü "dairəvi iqtisadiyyat” kimi sahələrə prioritet veriləcəyi bildirilib.
Proqram çərçivəsində "Marie Sklodovska Kyuri Beynəlxalq Təqaüd və Tədqiqat Mobillik Dəstəyi” ("MSCA”) vasitəsilə "Elm üçün Avropanı seç” adlı pilot layihə başladılıb.
Pilot proqram, yalnız müəyyən bir layihə çərçivəsində deyil, sonrasında da uzunmüddətli məşğulluq təklif etmək məqsədilə akademik və qeyri-akademik qurumların doktorluq sonrası tədqiqatçıları işə götürdükləri layihələri dəstəkləyir. Bu təşəbbüsün əsas fərqi, iştirakçı qurumların uzunmüddətli peşəkar hədəflər qoymasıdır.
Müraciət Aİ üzvü olan və ya "Horizon Europe” proqramına daxil olan bir ölkədə qeydiyyatdan keçmiş hüquqi şəxs tərəfindən edilir və tədqiqatçıların işə qəbuluna həmin qurum cavabdeh olur.
2021-ci ildən Azərbaycan da "Horizon Europe”anın üzvüdür.
Pilot proqram üçün ümumilikdə 22,5 milyon avro ayrılıb. Bir benefisiar maksimum 3,5 milyon avro əldə edə bilər. Layihələr ən azı 3 tədqiqatçını 5 ilə qədər müddətdə işə cəlb etməlidir. "MSCA” ilk iki-üç ilə ortaq maliyyə dəstəyi göstərir, qalan iki il üçün isə məsuliyyət iştirakçı qurumlara məxsusdur.
Namizəd tədqiqatçılardan doktorluq dərəcəsi tələb olunur, lakin mənsub olduqları ölkə önəm daşımır.
"MSCA Elm üçün Avropanı seç” proqramına müraciətlər 1 oktyabrda başlayacaq və 3 dekabrda başa çatacaq.
Avropa bu proqramı uğurla həyata keçirə biləcəkmi?
Avropa Komissiyasının məlumatına görə, dünya üzrə tədqiqatçıların dörddə biri, yəni 2 milyon nəfər Avropada yaşayır.
Bundan əlavə, 95,5 milyard avro büdcəsi ilə dünyanın ən böyük beynəlxalq tədqiqat proqramlarından biri olan "Horizon Europe” Aİ tərəfindən idarə olunur.
Lakin Avropanın yeni proqramı həyata keçirmə mərhələsində üzləşə biləcəyi çətinliklərlə bağlı bəzi narahatlıqlar mövcuddur.
Mütəxəssislər bildirirlər ki, Aİ ölkələri rəqabətə dayanıqlı tədqiqat infrastrukturu və yüksək yaşam keyfiyyəti təqdim etsə də, tədqiqat fondları və alimlərin əmək haqları ABŞ səviyyəsindən xeyli geridə qalır ki, bu da əsas əngəllərdən biridir.
Fon der Lyayen və Makron həmçinin Avropa tədqiqat sistemindəki bürokratik maneələr və elmi nəticələrin kommersiyalaşdırılmasında baş verən gecikmələrə də diqqət çəkirlər.
Kanadanın baş elmi müşaviri Mona Nemer bildirib ki, Avropadakı tədqiqat fəaliyyətləri Şimali Amerikadakı qədər "çevik və sürətli” deyil və əlavə edib:
"Altyapıya kifayət qədər sərmayə qoymadan istedadları cəlb etməyə çalışmaq nəticə verməyəcək. Avropa elmi ekosistemə bütövlükdə yanaşmalıdır.”
Fon der Lyayen konfransda Aİ-nin bürokratik əngəlləri və müəssisələrə çıxış problemlərini həll etmək üçün addımlar atacağını bildirib.
O, həmçinin Aİ-nin yeni bir qanunvericiliklə "elmi azadlığı təmin edəcəyini” bildirib və əlavə edib:
"Çünki qlobal təhdidlər artdığı bir dövrdə Avropa prinsiplərindən geri çəkilməyəcək. Avropa elmi və akademik azadlığın evi olaraq qalmalıdır.”
Aydın
Şərhlər