Tikinti şirkəti olan "İPE Group” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1 (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İddia Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.
518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
"İPE Group” MMC 8 aprel 2015-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 500 AZN olan şirkətin qanuni təmsilçisi Təhməzli Şahbaz Atəş oğludur.
Şahbaz Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı oğludur. Onun atası Atəş Təhməzli "6-cı mərtəbə” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin adı borc qalmaqalında hallanır.
"6-cı mərtəbə” MMC "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində podratçı şirkət olub. Şirkətin subpodratçılar "MV Group” MMC, "MECC” MMC və "İdea Yapı” MMC-yə borcu yaranıb.
Bu barədə adıçəkilən şirkətlərin nümayəndələri bir neçə ay əvvəl keçirdikləri mətbuat konfransında bildirib.
Seyid
Şərhlər