Analitiklərin məlumatına görə, 2026-cı il "Apple" üçün son onilliyin ən məhsuldar illərindən biri ola bilər. Məlumata əsasən, "Apple" 2026-cı ilin ikinci yarısında eyni vaxtda 15 yeni cihaz təqdim etməyə hazırlaşır. Bunların arasında ilk dəfə qatlanan iPhone və OLED ekranlı MacBook Pro da yer alır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tom’s Guide” nəşri sənaye analitikləri və insayderlərə istinadən xəbər verib.
Qatlanan iPhone təqdim oluna bilər
Şirkətin payız təqdimatının əsas yeniliyi kimi qatlanan iPhone göstərilir. Məlumata görə, cihazın daxili ekranı 7,6–7,7 düym, xarici ekranı isə təxminən 5,3 düym olacaq. Həmçinin ekranda demək olar ki, görünməyən qat izi, maye metal şarnir və Face ID əvəzinə Touch ID istifadəsi nəzərdə tutulur. Cihazın təxmini qiymətinin 2500 dollar civarında olacağı bildirilir.
Yeni nəsil iPhone və MacBook Pro
Eyni zamanda Apple yeni Pro seriyasını da təqdim etməyi planlaşdırır. Cihazlarda 2 nanometrlik A20 Pro çipi, daha kiçik "Dynamic Island” və dəyişkən diafraqmalı təkmilləşdirilmiş kamera yer alacaq.
Baza model iPhone 18-in isə 2027-ci ilin yazına keçirilməsi ehtimal olunur.
MacBook və digər cihazlar
Məlumata görə, MacBook Pro M6 çipi ilə, daha nazik korpus və OLED sensor ekranla yenilənəcək. Eyni zamanda ənənəvi "çentik”in yeni dizaynla əvəzlənəcəyi bildirilir.
OLED panellərin istehsalına Samsung Display şirkətində hazırlıq görüldüyü qeyd olunur.
Planşetlər sahəsində iPad mini 8 OLED ekran və A20 çipi ilə, baza iPad isə A19 çipi ilə yenilənəcək.
Ağıllı saatlar və digər məhsullar
Apple 2026-cı ildə Apple Watch Series 12 və ehtimal ki, Ultra 4 modelini də təqdim edəcək. Dizaynda böyük dəyişiklik gözlənilmir, lakin sağlamlıq sensorlarının və süni intellekt funksiyalarının gücləndiriləcəyi bildirilir.
2026-cı ilin sonuna qədər gözlənilən cihazlar
iPhone 18 Pro
iPhone 18 Pro Max
iPhone Fold (Ultra)
MacBook Ultra
Mac Studio
Mac mini
iMac 24
Apple Watch Series 12
Apple Watch Ultra 4
iPad 12
iPad mini
Apple TV
HomePod mini
HomePod
Home Hub
Qeyd edək ki, gələn ay Apple iOS 27 yeniləməsini təqdim edəcək. Bu sistemin qatlanan cihazlar üçün xüsusi uyğunlaşdırılmış ilk mobil əməliyyat sistemi olacağı bildirilir.
Xatırladaq ki, daha əvvəl insayderlər iPhone 20-nin "mikro əyri” ekran dizaynını açıqlamışdılar. Bu dizaynın cihazı tamamilə çərçivəsiz göstərməsi və "vahid şüşə” effekti yaratması gözlənilir.
Günay
Şərhlər