17 aprel tarixində Parisdə keçirilən görüş zamanı Ukrayna nümayəndə heyətinə Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı məxfi sənəd təqdim olunub.
Qaynarinfo xəbər verir ki, "Wall Street Journal”ın yazdığına görə, Kiyev bu sənədə dair öz mövqeyini
bildirməlidir.
Sənəddə ABŞ-ın mövcud təmas xətti boyunca atəşkəsin təmin edilməsini və Krımın Rusiya ərazisi kimi tanınmasını təklif etdiyi bildirilir. Nəşrin məlumatına görə, sənəddə Ukraynanın NATO üzvlüyü istisna olunur, Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı ərazinin isə neytral zona elan edilməsi təklif olunur – bu ərazi ABŞ-ın nəzarəti altında ola bilər.
ABŞ planı Rusiyanın ilhaq etdiyi dörd vilayətin tanınmasını nəzərdə tutmur, lakin rus qoşunlarının həmin ərazilərdən çıxmasını da tələb etmir.
Eyni zamanda, plan Kremlin tələbinin əksinə olaraq Ukrayna ordusunun sayının azaldılmasını nəzərdə tutmur, həmçinin Qərbin Kiyevə hərbi dəstəyinə və ya Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə qarşı çıxmır.
ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi WSJ-yə açıqlamasında bildirib ki, bu variantlar yekun təkliflər deyil, sadəcə mümkün seçimlərdir. Gözlənilir ki, bu həftə Londonda ABŞ, Ukrayna və Avropa rəsmilərinin görüşü zamanı Kiyev plana dair mövqeyini bildirəcək.
ABŞ, Avropa və Ukraynanın mövqeləri yaxınlaşacağı təqdirdə, sənədin Rusiyaya da təqdim ediləcəyi ehtimal olunur.
Qeyd edək ki, UNIAN-ın məlumatına görə, ABŞ-ın sabiq prezidenti Donald Tramp Kiyevdən Krımın Rusiya ərazisi kimi tanınması və NATO-ya üzvlükdən imtina ilə bağlı cavab gözləyir.
Jurnalistlər, mənbələrə istinadən bildiriblər ki, bu təkliflər Parisdə ukraynalı rəsmilərə və Avropalı müttəfiqlərə təqdim olunmuş gizli sənəddə yer alıb.
Alpər
Şərhlər