Xəbər lenti

Çin təhdid etdi: ABŞ-ı dəstəkləyənlərə xəbərdarlıq edildi
Dünya 12:40 21.04.2025

Çin təhdid etdi: ABŞ-ı dəstəkləyənlərə xəbərdarlıq edildi

Çin ABŞ-ın Pekini beynəlxalq arenada təcrid etmə çağırışlarına qoşulan ölkələrə qarşı cavab tədbirləri görəcəyini bəyan edib.

Qaynarinfo xəbər verir ki, Pekin rəhbərliyi ABŞ-ın "qarşılıqlı tarifələr" çərçivəsində bəzi ölkələrə əlavə gömrük rüsumları tətbiq etməsi və həmin ölkələrə Çinlə ticarət əlaqələrini məhdudlaşdırmaları üçün təzyiq göstərdiyinə dair iddialar fonunda Vaşinqtonu tənqid edib.

Çin Ticarət Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ABŞ ticarət tərəfdaşlarına "qarşılıqlılıq" adı altında tariflər tətbiq edir və ölkələri danışıqlara məcbur etməklə iqtisadi və ticari sahələrdə birtərəfli zorakılığa əsaslanan hegemon siyasət yürüdür.

Nazirlik bu tələblərlə razılaşmanın çıxış yolu olmadığını və güzəştlərə hörmət edilməyəcəyini vurğulayaraq qeyd edib: "Şəxsi mənfəət naminə başqalarının maraqlarını qurban verərək guya güzəştlər əldə etməyə çalışmaq, pələnglə dərisi üçün sövdələşməyə bənzəyir; bu, hər iki tərəf üçün uğursuzluqla nəticələnəcək".

Açıqlamada Çin, bütün tərəflərin ABŞ ilə iqtisadi və ticari fikir ayrılıqlarını bərabərlik əsasında məsləhətləşmələrlə həll etməyə çalışmasına hörmətlə yanaşdığını bildirib və əlavə edib: "Çin hesab edir ki, bütün tərəflər bərabərlik və ədalətin, tarixi həqiqətin tərəfində durmalı, qarşılıqlı tariflərlə bağlı beynəlxalq iqtisadi və ticarət qaydalarını, eləcə də çoxtərəfli ticarət sistemini müdafiə etməlidir".

Çinin öz qanuni hüquq və mənafelərini qorumaqda qərarlı olduğu bildirilib: "Çin, heç bir tərəfin başqa ölkənin maraqları hesabına razılıq əldə etməsinə razı olmayacaq. Belə bir hal baş verərsə, Çin bu razılığı əsla qəbul etməyəcək və qəti qarşı tədbirlər görərək öz hüquq və maraqlarını müdafiə edəcək".

Açıqlamada həmçinin qeyd olunub ki, Çin bütün tərəflərlə birlik və koordinasiyanı gücləndirəcək, birtərəfli zorakılığa qarşı birgə mübarizə aparacaq və beynəlxalq bərabərlik və ədaləti qorumağa çalışacaq: "Birtərəflilik və proteksionizm qarşısında heç kim toxunulmaz deyil. Beynəlxalq ticarət yenidən güclünün zəifi udduğu "meşə qanununa" çevrilərsə, bütün ölkələr bu sistemin qurbanına çevriləcək".

Çin ABŞ prezidenti Donald Trampın 2 aprel tarixində açıqladığı "qarşılıqlı tariflər" siyasətinə ilk cavab verən ölkə olmuş və eyni səviyyədə qarşılıqla cavab vermişdi. Tarife qarşıdurması nəticəsində ABŞ, Çinə tətbiq etdiyi gömrük rüsumlarını 145 faizədək, Pekin isə 125 faizədək artırmışdı.

Vaşinqton rəhbərliyi digər ölkələrə tətbiq edilən tarifləri 90 gün müddətinə təxirə salmış, lakin Çinə qarşı tədbirlər dərhal qüvvəyə minmişdi.

ABŞ-da "Wall Street Journal" qəzeti xəbər vermişdi ki, Tramp administrasiyası "qarşılıqlı tariflər" siyasəti çərçivəsində danışıqlar apardığı 70 ölkəyə Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmaları üçün təzyiq göstərir və bu yolla Çin iqtisadiyyatını təcrid etməyə çalışır. Məqsəd isə ABŞ-ın Çinlə danışıqlarda mövqeyini gücləndirməkdir.

ABŞ və Çinlə ticarət əlaqələri olan Yaponiya və Cənubi Koreya kimi ölkələr, tarif artımının qarşısını almaq və ya təsirlərini azaltmaq üçün nümayəndə heyətlərini Vaşinqtona göndərsələr də, Pekin rəhbərliyi danışıqlara yalnız bərabərlik və qarşılıqlı fayda prinsipi əsasında razı olduğunu bildirib və təzyiqlə aparılan hər hansı danışıqlara qəti şəkildə qarşı çıxıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->