"Economist Intelligence Unit" (EIU) analitik mərkəzi növbəti dəfə dünyada yaşamaq üçün ən əlverişli şəhərlərin illik reytinqini təqdim edib.
Qaynarinfo xəbər verir ki, araşdırma 173 şəhəri əhatə edib və nəticələrə görə, ən yaxşı yaşayış şəraiti Avropada müşahidə olunur.
Tədqiqatda sabitlik, səhiyyə, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur kimi beş əsas göstərici üzrə qiymətləndirmə aparılıb. Hər şəhərə 100 ballıq sistem üzrə yekun göstərici verilib. Bu il birinci yeri 98 balla Danimarkanın paytaxtı Kopenhagen tutub.
Kopenhagen dünyanın ən rahat və balanslı şəhəri elan edilib. EIU-nun məlumatına görə, şəhər sabitlik, təhsil və infrastruktur kateqoriyalarında maksimum nəticə göstərib. O, 97,1 bal toplayan və 2022-ci ildən bəri lider mövqedə olan Vyananı geridə qoyub.
Hesabatda qeyd olunur ki, Qərbi Avropa yaşamaq üçün ən əlverişli region olaraq qalır və beş göstəricidən dördündə ən yüksək nəticələri əldə edib. Danimarka paytaxtı yüksək həyat keyfiyyəti, mükəmməl nəqliyyat sistemi, davamlı ekoloji siyasəti və iş-həyat balansı ilə fərqlənir. Kopenhagen həmçinin çoxsaylı yaşıllıq sahələri, təmiz suyu və sağlam qida mədəniyyəti ilə seçilir.
Asiya-Sakit okean regionundan doqquz şəhər ilk 20-likdə yer alıb. Bu region həm də ən geniş göstərici aralığı ilə fərqlənib – burada həm ən rahat, həm də ən az komfortlu şəhərlər mövcuddur.
"Regionun ən yaşanası şəhəri – Melburn – dördüncü yeri tutub, ən az yaşanası isə Banqladeşin paytaxtı Dəkkə olub və 171-ci yerdə qərarlaşıb", deyə hesabatda bildirilir.
ABŞ şəhərləri bir daha dünyanın ilk iyirmiliyinə daxil ola bilməyib. Ən yüksək nəticəni göstərənlər arasında Honolulu, Atlanta, Pittsburq, Seattle və Vaşinqton qeyd olunur.
Böyük Britaniya şəhərləri də siyahının liderləri sırasında deyil. Bunun əsas səbəbləri kimi artan cinayət halları və ictimai narazılıqlar göstərilir. Bununla belə, London, Mançester və Edinburq ümumi reytinqdə yer alıblar.
EIU-nun məlumatına görə, qlobal sabitliyin azalması reytinqdə ümumi dəyişikliklərə səbəb olub. Buna terror təhlükələrinin artması, vətəndaş etirazları, mənzil böhranı və geosiyasi gərginliklər təsir edib.
Dünyada yaşamaq üçün ən yaxşı 20 şəhər:
1. Kopenhagen (Danimarka)
2. Vyana (Avstriya)
3. Sürix (İsveçrə)
4. Melburn (Avstraliya)
5. Cenevrə (İsveçrə)
6. Sidney (Avstraliya)
7. Osaka (Yaponiya)
8. Oklend (Yeni Zelandiya)
9. Adelaida (Avstraliya)
10. Vankuver (Kanada)
11. Lüksemburq
12. Toronto (Kanada)
13. Helsinki (Finlandiya)
14. Tokio (Yaponiya)
15. Pert (Avstraliya)
16. Brisben (Avstraliya)
17. Frankfurt (Almaniya)
18. Kalqari (Kanada)
19. Amsterdam (Niderland)
20. Vellinqton (Yeni Zelandiya)
Aydın
Şərhlər