"Putinin bu iddiasının arxasında konkret siyasi məqsədlər və prosesi tormozlamaq niyyəti dayanır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimri Putinin Ukrayna prezidenti Volodimir Zelenskini qeyri-legitim adlandıraraq, onun Ukrayna adından heç bir sənəd imzalaya bilməyəcəyi ilə bağlı səsləndirdiyi fikrini şərh edərkən deyib.
Həmsöhbətimizə görə, Putinin bu iddiası doğru yanaşma deyil:
"Putin hər hansı bir şərt qoyulmadan danışıqlara başlamaqla bağlı təklifə razı olduğunu bildirsə də, əslində, ortaya legitimlik şərtini qoyur. Bu legitimlik şərti əlbəttə ki, ciddi nəticələri olacaq bir iddiadır. Putin Zelenskini qeyri-legitim adlandırır və ona görə də hər hansı bir sülh sənədinə imza ata bilməyəcəyini bəyan edir. Tarixdə bu cür hadisələr yaşanıb. II Dünya müharibəsində ABŞ prezidenti Franklin Delano Ruzvelt 1940-1944-cü illərdə seçkilər keçirilməsə də, yenidən ölkə prezidenti oldu. Yəni müharibə getdiyi üçün seçkinin keçirilməsinə razılıq verilməmişdi. Ruzvelt 4 dönəm prezident kimi hakimiyyətdə qaldı və hər kəs və başqa dövlətlər də onu legitim prezident hesab edirdi. Ona görə də Putinin həmin iddiası doğru deyil”.
Ekspert qeyd edir ki, Putinin bu iddiasının arxasında konkret siyasi niyyətlər dayanır:
"Müharibənin bitməsilə bağlı sülh sənədinə Zelenski imza atmasa, başqa birisi atsa, bu dolayısı ilə Ukraynanın hazırkı prezidentinin siyasi sonu anlamına gəlir. Putin buna təhrik edir. Bununla Putin dolayısı ilə rəqibini birdəfəlik aradan qaldırmaq istəyir”.
Politoloqun fikrincə, Rusiya rəhbərliyi belə süni bəhanələr ortaya atmaqla əslində prosesi tamamilə tormozlamaq, əngəlləmək istəyir:
"1994-cü ildə Budapeştdə memorandum imzalanarkən Ukraynanın nüvə silahını təhvil verdiyi təqdirdə təhlükəsizliyinə zəmanət verilmişdi. Bu sənədə imza atan dövlətlərdən birincisi Rusiya idi. Bu baxımdan 2014-cü ildən üzü bəri Ukrayna ərazilərinin işğalı, bütövlükdə hərbi təcavüz məgər legitim idi? Bu, işğal faktorudur və o aradan qaldırılmalıdır. Amma Rusiya qoşunlarını çıxarmağa razı deyil. Əksinə, prosesi müharibənin nəticələrinə uyğun olaraq davam etdirmək fikrindədir. Ona görə də düşünürəm ki, Rusiya əslində legitimlik haqqında danışacaq ən axırıncı dövlət olmalıdır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna P
Prezidenti Volodimir Zelenskini yenə qeyri-legitim adlandırıb. "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində Putin deyib ki, Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz.
Rusiya lideri vurğulayıb ki, o, Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz:
"Rusiya-Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər".
Putin onu da əlavə edib ki, Qərbin sülhə nail olmaq istəyi varsa, Zelenskinin qadağasını aradan qaldırmağın yolları tapılacaq.
Rüfət Sultan
Şərhlər