Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də daxil olduğu nümayəndə heyəti Dəməşqə səfər edib. Səfər çərçivəsində onlar Suriyanın yeni administrasiya rəhbəri Əhməd əl-Şaraa ilə danışıqlar aparıblar.
Onu da vurğulayaq ki, bu, 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Rusiya rəsmilərinin Suriyaya ilk səfəridir. Səfərin konkret detalları açıqlanmasa da, məlumata görə, danışıqların əsas mövzusu Rusiya hərbi bazalarının Xmeymim və Tartusda gələcək mövcudluğunun müzakirəsi olub.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun Suriyadakı Rusiya hərbi bazalarının gələcəyi məsələsinin əlavə danışıqlar tələb etməsi barədə verdiyi açıqlama da danışıqların əsas istiqamətinin məhz bu mövzu olduğunu düşünməyə əsas verir.
"Hələ heç nə dəyişməyib. Bu məsələ əlavə danışıqlar tələb edir. Biz əməkdaşlığımızın hər bir sahəsi üzrə daha dərindən məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldik", deyə Boqdanov bildirib.
Rusiya nümayəndə heyəti Suriyada
Suriyanın yeni hakimiyyət orqanları dialoqa hazır olduqlarını bildiriblər. Lakin Dəməşqin maraqları baxımından bəzi razılaşmalara yenidən baxılmasının vacibliyini vurğulayıblar.
"Reuters”in məlumatına görə, Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin onlara təhvil verilməsini tələb edib.
"Ölkənin yeni lideri Əbu Məhəmməd əl-Culani Moskvadan dekabr ayında üsyançılar tərəfindən devrildikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edib", deyə məqalədə bildirilir.
Bundan əlavə, Suriyanın yeni rəhbərliyi Əsəd rejiminin devrilməsindən sonra nümayəndə heyətinin ilk səfəri zamanı Rusiyadan "etimadın bərpası" məqsədilə təzminat tələb edib.
Xatırladaq ki, Əsədin devrilərək, Moskvaya qaçmasından az sonra Suriyanın yeni hökuməti ölkədəki rus hərbi bazaları ilə bağlı dialoqa hazır olduqlarını bildirməklə yanaşı, onların fəaliyyətini davam etdirməsi ehtimalını da istisna etməmişdilər. Əslində, həmin dövrdə verilən bu açıqlama onu düşünməyə əsas verirdi ki, yeni Suriya hakimiyyəti Rusiya hərbi bazalarının ölkədə qalmasına o qədər də etiraz etmir. Sadəcə, bunun müqabilində Moskvanın qarşısına müəyyən tələblər qoyurlar. Bu tələblər isə Rusiyanın Dəməşqin daxili işlərinə müdaxilə etməməsi və xüsusən də Əsədin yeni hökumətə təhvil verilməsilə bağlı ola bilər. Deməli, görünən odur ki, Əsəd Moskvaya qaçmaqla heç də özünü təhlükəsiz hiss edə bilməz. Əksinə, onun taleyi indi Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən asılıdır.
Kreml seçim qarşısında qalacaq. Onlar ya uzun illər arxasında durduqları Əsəddən, ya da hərbi bazalardan imtina etməli olacaqlar. Sözsüz ki, Rusiya üçün hərbi bazaların mövcudluğu daha önəmlidir. Rusiyanın bu regionda mövcudluğu ona bölgəyə nəzarət etmək üçün olduqca vacibdir. Əsədi isə lazım gələndə başqa birisilə əvəz etmək elə də çətin məsələ deyil. Bu mənada Moskvanın son anda Əsədi qurban verərək, Dəməşqə təslim edəcəkləri ehtimalı daha böyükdür.
Yəni ortada bir siyasi alver gedir. Tərəflər mövcud situasiyadan istifadə edərək, danışıqlarda özləri üçün daha çox əlverişli imkanlar əldə etməyə çalışır. Bu mənada sözügedən məsələdə hücum edən tərəf yeni Suriya hökumətidir.
Onlar rus bazalarının Suriyada qalması müqabilində Moskvadan daha çox güzəştlərə nail olmağa çalışır. Görünən odur ki, Rusiya da Xmeymim və Tartusda qalmaqda davam etmək üçün Dəməşqin əksər istəklərinə müsbət cavab verməli olacaq. Bu xüsusən də Bəşər Əsədin təhvil verilməsilə bağlıdır. Yaxın dövrdə Moskva onu ya Dəməşqə təhvil verməli olacaq, ya da onu Rusiyadan çıxararaq, təhlükəsizlik baxımından başqa bir ölkəyə getməsinə şərait yaradacaqlar. Hər halda, Əsədin gələcək taleyi olduqca qaranlıqdır.
Rüfət Sultan
Şərhlər