"İstefa ərizəsilə Herzi Halevi hesab edir ki, özünü İsrail ictimaiyyəti qarşısında hardasa sığortalaya biləcək”.
Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert Üzeyir Cəfərov İsrailin Baş Qərargah rəisi Herzi Halevinin istefasının arxasında hansı məqamların yatdığına aydınlıq gətirərkən deyib:
"İsraillə HƏMAS arasında imzalanan razılaşma bundan sonra dərin araşdırma və dərin qərarlara səbəb olacaq. 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın ələ keçirdiyi israilli girovların son razılaşma nəticəsində azad olunması prosesilə İsrail Ordusunun Baş Qərargah rəisi bir növ hesab edir ki, artıq günahını yuyub, ona görə də indi istefaya gedə bilər. Amma o gözəl bilir ki, İsrail baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalanta qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət işi qaldırılaraq, hər ikisinin də həbsi istənilib”.
Ekspertin fikrincə, Herzi Halevi də Beynəlxalq Cinayət Məhkəməsində məsuliyyətə cəlb edilə bilər:
"Yaxın vaxtlarda ona qarşı da müəyyən araşdırmalar aparıldığı və qərarların qəbul edildiyini eşitsək, buna təəccüblənmərəm. İstefası ilə də Baş Qərargah rəisi ilk növbədə özünü sığortalayacağını düşünür. Eyni zamanda, girovların artıq azad edilməsilə öz vəzifə borcunu yerinə yetirdiyindən mənəvi yükdən azad olmaq üçün indi istefa verir. Bununla da hesab edir ki, özünü İsrail ictimaiyyəti qarşısında hardasa sığortalayır. Beynəlxalq Cinayət Məhkəməsi araşdırmanı başa çatdıranda yəqin ki, baş nazir və sabiq müdafiə naziri ilə yanaşı, baş qərargah rəisinin də məsuliyyəti müəyyənləşəcək”.
Qeyd edək ki, İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa verib.
"Bu gün İsrailin müdafiə naziri İsrael Katsa bildirdim ki, İsrail Müdafiə Qüvvələrinin oktyabrın 7-də üzləşdiyi uğursuzluğa görə məsuliyyəti qəbul etdiyim üçün və İsrail Müdafiə Qüvvələrinin əhəmiyyətli nailiyyətlər əldə etdiyi və Qəzza zolağında olan girovlarımızın azad edilməsi haqqında sazişin həyata keçirilməsi prosesində olduğu bir vaxtda 6 mart 2025-ci il tarixində vəzifəmdən getməyimə icazə verməyinizi xahiş edirəm", - bəyanatda deyilir.
Rüfət Sultan
Şərhlər