İran çərşənbə axşamı "WhatsApp" proqramından və "Google Play"dən istifadəyə qoyulan qadağanı ləğv edib. Məhdudiyyətlər iki ildən çox idi ki, qüvvədə idi.
Bu barədə Qaynarinfo "The Times of Israel” nəşrinə
istinadən xəbər verir.
Medianın məlumatına görə, İranın internetin qorunmasına cavabdeh olan Ali Şurası dekabrın 24-də qoyulan qadağanın ləğvi üçün səs verib.
"WhatsApp" və "Google Play"ə qoyulan qadağa Ali Şuranın üzvlərinin yekdil qərarı ilə ləğv edilib", deyə İRNA xəbər verir.
Bu arada "The Times of Israel” dəqiqləşdirib ki, ölkənin Ali Şurasına İran prezidenti rəhbərlik edir və onun üzvlərinə parlamentin spikeri, məhkəmə sisteminin rəhbəri və bir neçə nazir daxildir.
"Bu gün biz yekdilliklə və konsensusla internetə qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ilk addımı atdıq", deyə İranın rabitə naziri Səttar Haşimi bildirib.
Nəşr əlavə edib ki, hazırda qərarın nə vaxt qüvvəyə minəcəyi bəlli deyil. Eyni zamanda, bu addım İranda müzakirələrə səbəb olub, məhdudiyyətləri tənqid edənlər nəzarətin ölkəyə baha başa gəldiyini iddia edirlər.
"Məhdudiyyətlər insanların həyatına qəzəb və əlavə xərclərdən başqa heç nə gətirməyib", deyə prezidentin müşaviri Əli Rəbii bildirib.
Həmin gün, çərşənbə axşamı İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib ki, ölkə prezidenti Məsud Pezeşkian məhdudiyyətlərin aradan qaldırılmasına inanır və qadağaların xalqın və ölkənin maraqlarına uyğun olduğuna inanmır.
Bununla belə, digərləri məhdudiyyətlərin götürülməsi barədə xəbərdarlıq edirlər. İslahatçı "Şərq” qəzeti dünən yazıb ki, 290 parlamentaridən 136-sı bu addımın "İranın düşmənlərinə hədiyyə" olacağını bildirərək, Şuraya məktub göndərib.
Nizami Bağırov
Şərhlər