Xəbər lenti

Buraxılmamış oyun 1 milyard dollar ianə topladı
Texnologiya 17:47 25.05.2026

Buraxılmamış oyun 1 milyard dollar ianə topladı

Kosmik simulyator "Star Citizen” rəsmi olaraq 1 milyard dollar maliyyələşdirmə həddini keçib. Layihə 2012-ci ildən bəri ianələr hesabına inkişaf etdirilir və bu müddətdə bütün dünyadan 6,5 milyondan çox insan ona dəstək olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IGN” yazır.

Məlumata görə, təkcə bu il "Cloud Imperium Games” studiyası 100 milyon dollardan çox vəsait cəlb edib. Layihənin maliyyələşməsi əsasən oyun içi kosmik gəmilərin və əlavə bonusların satışı ilə həyata keçirilir.

Müqayisə üçün qeyd olunur ki, "GTA V” təxminən 200 milyon dollar, "Red Dead Redemption 2” 250 milyon dollar, "Cyberpunk 2077” isə 300 milyon dollar büdcə ilə hazırlanıb. Bu üç AAA oyunun ümumi dəyəri belə "Star Citizen”in topladığı vəsaitdən azdır.

Buna baxmayaraq, oyun hələ də 14 ilə yaxındır ki, alfa mərhələsindədir və tam buraxılış tarixi yoxdur. Paralel şəkildə hazırlanan hekayə rejimi "Squadron 42” də dəfələrlə təxirə salınıb və onun da dəqiq çıxış tarixi açıqlanmayıb.

Oyun icmasında layihə ilə bağlı mübahisələr davam edir. Bir qrup oyunçu "Star Citizen”i misilsiz miqyaslı kosmik simulyator kimi qiymətləndirir, digərləri isə onu sonsuz inkişaf mərhələsində qalan və aqressiv monetizasiya ilə seçilən layihə kimi tənqid edir.


Aydın

--> -->