Xəbər lenti

İliç getdi, Rəfiyev qaldı
Amal Abuşov
İdman 12:42 27.05.2026

İliç getdi, Rəfiyev qaldı

İtaliyanın məşhur "Milan” klubu Çempionlar Liqasından kənarda qaldı. Bu isə qarşıya qoyulan minimal hədəfə çatmağın mümkün olmadığını göstərir. Sözsüz ki, hər bir iddialı klub çempionatda qızıl medallar qazanmaq üçün iştirak edir. Amma o da olmayanda Çempionlar Liqasına vəsiqə kiçik təsəlliyə çevrilir. Çünki qitənin ən məşhur klub turniri öz iştirakçılarına ciddi mənada prestij qazandırmaqla yanaşı xeyli gəlir də gətirir.
 
"Milan” bu il həm o prestijdən, həm də gəlirdən məhrum oldu. Buna görə də indi "Milan”ın düşərgəsində əməlli-başlı həngamə qopub. Klub böyük təmizləməyə gedir. İtaliya mətbuatının yaydığı məlumatlarda qeyd olunur ki, baş məşqçi Massimiliano Alleqrinin istefaya göndərilib. Lakin əməlliyat bununla yekunlaşmır. Adlı-sanlı "Milan” üçün biabırçılıq kimi qiymətləndirilən mövsümdən sonra Alleqridən başqa idman direktoru İqli Tare, baş direktor Corcio Furlani və texniki direktor Ceffri Monkada da tutduqları vəzifələrdən azad ediliblər. Klubun idman bloku böyük dəyişikliyə məruz qalacaq. Bu strukturda hamı vəzifəsini itirəcək.

Hər yerdə olduğu kimi Azərbaycanda da mövsümün əvvəlində qarşıya qoyulan məqsədə çatmayan klublar var. Onlardan da biri "Sumqayıt”dır. Sumqayıt Azərbaycanda futbolun ən çox sevildiyi şəhərlərdəndir. Nazim Süleymanov başda olmaqla bu şəhər neçə-neçə yetirməsi ilə öyünür. Kiçik bir araşdırma aparsaq, görərik ki, bir zamanlar Sumqayıtın az qala hər məhləsindən bir istedadlı futbolçu çıxırdı. Həmin o istedadlar əvvəlcə doğma şəhərin klubun şərəfini qoruyurdular. Daha sonra daha irəli gedir, iddiaları böyük olan klubarda forma geyinib, Sumqayıtı uğurla təmsil edirdilər. Milli komandalarda çıxış da öz yerində.
 
İndi bu günləri sumqayıtlı futbolsevərlər xiffətlə xatırlayır. Çoxdandır ki, Sumqayıtdan Nazim Süleymanov səviyyəsində futbolçu çıxmır. Riad Rəfiyevi böyük şəhərin iddiaları kiçik komandasına rəhbər gətiriblər. "Sumqayıt”ın Azərbaycan səviyyəsində yaxşı maddi imkanları, infrastrukturu, azarkeş dəstəyi var. Di gəl ki, nəticə yoxdur. Ölkənin ən ciddi şirkətləri "Sumqayıt”a sponsorluq edir. Bu sponsorluqdan gələn pullar da bir qayda olaraq yararsız legionerlərin və əcnəbi mütəxəssislərin cibinə axır, ordan da ayrılan faizlərin hara gəldiyi çoxlarına bəllidir. Ona görə də uğursuz mövsümlərin sonunda məşqçilər və legionerlər yola salınır, amma Riad Rəfiyev yerində qalır. Bircə dəfə soruşan tapılmır ki, bu "uğursuz” məşqçiləri, yararsız legionerləri "Sumqayıt”a kim gətirmişdi? Həmin adamın məsuliyyət payı nə qədərdir? Nə üçün rəhbərlikdən heç kim cəzalanmır?

Serbiyalı çalışdırıcı Saşa İliçi Riad Rəfiyev "Sumqayıt”a bəy tərifi və böyük ümidlərlə gətirmişdi. Adamın böyük futbolda doğru-düzgün məşqçi təcrübəsinin olmamasını da nəzərə almamışdılar. Dedik ki, eybi yox, bəlkə ötənlərin məşhur futbolçusunun məşqçi kimi istedadı "Sumqayıt”da açılacaq?! Onun rəhbərliyi altında "Sumqayıt” turnir cədvəlində 7-ci oldu. Toplanan 41 xaldan üçü "İmişli” üzərində texniki qələbəyə görə verilib, işin əslində "Sumqayıt” həmin görüşdə də məğlub olmuşdu. İndiki halda belə bu qədər xərcin-borcun, əcnəbi məşqçinin və legionerlərin gəlişinə xərclənən pulların qarşısında 7-ci pillə uğursuzluqdur. Amma həmin uğursuzluğun tək günahkarı Saşa İliç elan olundu və serbiyalını istefaya göndərdilər. 

Aleksey Baqa da elə getmişdi, Ayxan Abbasov da. Doğma şəhərin futboluna canla-başla xidmət etməyə gələn Nazim Süleymanovu istefaya göndərmək üçün cürbəcür hoqqalar çıxarmışdılar. Hamı günahkar çıxır, uğursuzluqlara görə məsuliyyət daşıyır. Təkcə Riad Rəfiyev həmişə günahsızdır, özünü uğurlu klub idarəçisi kimi təbliğ edir. Bu dəfə də elə oldu, İliç getdi, Rəfiyev qaldı. Görək növbəti qurban kim olacaq.
 
Amal Abuşov
--> -->