Yaxın Şərqdəki münaqişə fonunda "Toyota” şirkəti tədarükçülərinə noyabr ayına qədər xarici istehsalı təxminən 83 min avtomobil azaldacağını bildirib.
Qaynarinfo xəbər verir ki, "Carscoops”un məlumatına görə, bu qərar ən çox "RAV4” modelinə təsir edəcək.
Şirkət bu addımın əsas səbəbləri kimi yanacaq qiymətlərinin artmasını və Yaxın Şərqdə tələbatın zəifləməsini göstərib. İstehsalın azaldılması ilə bağlı məlumat artıq tədarükçülərə göndərilib.
Yapon istehsalçısı həmçinin "Toyota”nın innovativ beynəlxalq çoxməqsədli platforması əsasında hazırlanan avtomobillərin istehsalını da azaldacaq. Bu platformadan istifadə edən modellər arasında "Toyota Hilux”, "Fortuner” və yeni "Land Cruiser FJ” yer alır. Azalma "Toyota Probox” və "Corolla Touring” modellərinə də təsir göstərəcək.
Mart və aprel aylarında "Toyota” Yaponiyada Yaxın Şərq bazarı üçün nəzərdə tutulan avtomobil istehsalını artıq 40 min ədəd azaltmışdı. Şirkət bu ay Ayti prefekturasının Tsutsumi zavodundakı istehsal xətlərindən birində işi iki gün müddətinə dayandırıb, "Gifu Auto Body” zavodundakı ikinci xətt isə bir gün fəaliyyətini dayandırıb.
"Toyota” adətən Yaxın Şərq ölkələrinə ildə 500 mindən 600 minədək avtomobil ixrac edir. Təchizatdakı fasilələrin bu həcmin təxminən yarısına təsir göstərəcəyi bildirilir.
Bununla belə, cari maliyyə ilinin sonuna qədər şirkətin "Toyota” və "Lexus” markaları altında ümumilikdə 10 milyondan çox avtomobil istehsal edəcəyi gözlənilir. Bu göstərici ötən illə müqayisədə 1 faiz çoxdur. Lakin konsolidə edilmiş xalis mənfəətin 22 faiz azalaraq 3 trilyon yenə — təxminən 18,89 milyard dollara düşəcəyi proqnozlaşdırılır.
Əgər Yaxın Şərqdə vəziyyət sabitləşməzsə, şirkətin mənfəət proqnozlarının daha da pisləşə biləcəyi qeyd olunur.
Aydın
Şərhlər