Filippində yerləşən kiçik bir ada dünyada süni intellekt (Al) tərəfindən idarə olunacaq ilk əraziyə çevrilməyə hazırlaşır. Layihəyə artıq dünyanın müxtəlif ölkələrindən 12 mindən çox insan maraq göstərib və elektron rezident statusu almaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.
Söhbət Filippinin qərbində, Palavan əyalətində yerləşən və uzunluğu cəmi 3,6 kilometr olan Sensay adasından gedir. Ada 2025-ci ildə çat-bot şirkəti "Sensay”ın qurucusu olan britaniyalı texnologiya sahibkarı Den Tomson tərəfindən satın alınıb. O, adanı qeyri-adi idarəetmə modelinə malik mikrodövlətə çevirmək niyyətindədir.
Layihəyə əsasən, adanı 17 süni intellektdən ibarət şura idarə edəcək. Şuraya Uinston Çörçill, Eleanor Ruzvelt, Nelson Mandela, Mahatma Qandi, Leonardo da Vinçi, Mark Avreli və Sun Tszı kimi tarixi şəxsiyyətlərin rəqəmsal versiyaları daxil olacaq. Bu sistemlər həmin şəxslərin çıxışları, mətnləri və fəlsəfi baxışları əsasında öyrədilib.
"Liderlər” adanın konstitusiyasına daxil ediləcək qərarları müzakirə edib səsə qoyacaqlar. Hazırda qərarlar insanlar tərəfindən icra olunur, lakin gələcəkdə süni intellekt sistemlərinin müstəqil bank hesabları və kriptovalyuta cüzdanları ilə əlaqələndirilməsi planlaşdırılır.
Risklər barədə danışan Den Tomson "CNN Travel”a müsahibəsində bildirib:
"Əgər hakimiyyət silah əldə edib qonşu adalara hücum etməyə başlasa, bu çox pis vəziyyət olar”.
Bununla belə, o, belə ssenarini "son dərəcə az ehtimallı” hesab etdiyini vurğulayıb.
Təhlükəsizlik məqsədilə adada doqquz seçilmiş sakindən ibarət İnsan Nümayəndələri Assambleyası fəaliyyət göstərəcək. Bu qurum süni intellekt şurasının potensial təhlükəli qərarlarını bloklamaq səlahiyyətinə malik olacaq.
Hazırda Sensay adasında yalnız bir nəfər – Mayk adlı bağban yaşayır. Ada beynəlxalq səviyyədə tanınmır və hələlik eksperimental layihə hesab olunur. Bununla belə, Tomson gələcəkdə burada 30-a qədər villa tikməyi və adanı Palavan turistləri üçün yeni məkana çevirməyi planlaşdırır.
Adanın iqtisadiyyatı iki token üzərində qurulacaq: ictimai xidmətlər üçün "Wisdom-Credits”, beynəlxalq ticarət üçün isə "SNSY Token”.
Plana görə, 2026-cı ildə adada bərpa olunan mikroenerji şəbəkələri və tədqiqat laboratoriyaları yaradılacaq. 2027-ci ildə isə tam rəqəmsal rezident proqramı və yüz faiz bərpa olunan enerji sistemi istifadəyə veriləcək.
Aydın
Şərhlər