Getdikcə daha çox şirkət və istifadəçi adi Wi-Fi texnologiyasına alternativ hesab edilən LiFi texnologiyasına maraq göstərir. Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumat ötürülməsi üçün radio dalğaları deyil, LED lampaların işığından istifadə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Gyereksz” nəşri yazır.
Texnologiya internet siqnalını insan gözünün hiss etmədiyi işıq impulsları vasitəsilə ötürmək prinsipi ilə işləyir. Beləliklə, adi LED lampa eyni zamanda həm işıq mənbəyi, həm də internet routeri funksiyasını yerinə yetirə bilər.
LiFi texnologiyasının əsas üstünlüklərindən biri yüksək sürət hesab olunur. Tərtibatçıların məlumatına görə, sistem ənənəvi Wi-Fi ilə müqayisədə məlumat ötürülməsini onlarla dəfə daha sürətli həyata keçirə bilir. Bu isə xüsusilə 4K yayım, bulud xidmətləri, onlayn oyunlar və yüksək trafik tələb edən digər proseslər üçün böyük əhəmiyyət daşıyır.
Texnologiyanın digər mühüm üstünlüyü təhlükəsizlikdir. İşıq divarlardan keçmədiyi üçün siqnalın kənardan ələ keçirilməsi daha çətin olur. Məhz buna görə də LiFi artıq ofislərdə, banklarda, universitetlərdə və məlumat təhlükəsizliyinin vacib olduğu dövlət qurumlarında sınaqdan keçirilir.
Bundan əlavə, texnologiya sürətdə ciddi azalma olmadan çox sayda cihazın eyni anda qoşulmasına imkan verir. Radio tezliklərindən fərqli olaraq, işıq spektri demək olar ki, yüklənmir.
Hazırda LiFi texnologiyası hələlik Wi-Fi-ni tam əvəz edə bilmir. Çünki sistem daimi işıq mənbəyi və birbaşa əhatə zonasına ehtiyac duyur. Bununla belə, ekspertlər hesab edir ki, yaxın illərdə bu cür sistemlər ənənəvi simsiz şəbəkələrlə birlikdə daha geniş istifadə olunacaq.
Artıq bu gün LiFi bir sıra Avropa ofislərində, hava limanlarında və təhsil müəssisələrində sınaqdan keçirilir. "Ağıllı ev” sistemləri istehsalçıları isə müasir LED işıqlandırma sistemlərinə internet bağlantısı dəstəyini inteqrasiya etməyə başlayıblar.
Aydın
Şərhlər