"ABŞ-ın sülh prosesinə diqtəsi yolverilməzdir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ adminstrasiyasının Bakı ilə İrəvan arasında sülh mətninin razılaşdırılmasını alqışlaması ilə yanaşı, məhkəməsi gedən erməni separatçılarının da buraxılmasını tələb etməsi məsələsinə toxunarkən deyib:
"Azərbaycan-ABŞ münasibətləri Trampın dövründə Bayden adminstrasiyasının zamanında olduğu kimi gərgin olmayacaq. Ancaq bu heç də o anlama gəlmir ki, Trampın dövründə Bakı-Vaşinqton münasibətlərinə erməni lobbisinin təsiri də olmayacaq. ABŞ-da erməni lobbisinin təsiri əvvəlki dövrdəki qədər olmasa da, bu və ya digər şəkildə hər halda özünü göstərməkdədir".
Həmsöhbətimiz deyir ki, Tramp Bakı ilə İrəvan arasında sülh missiyasını da öz aktivinə yazdırmaqla maraqlıdır:
"ABŞ-ın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətnini razılaşdırmaları məsələsinə sərgilədiyi mövqeyinə gəlincə, Vaşinqton bu sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki sülh missiyası elan edən Tramp bunu öz aktivinə yazdırmaq istəyir. Ona görə Tramp Azərbaycanla Ermənistan arasında sülh danışıqları məsələsində də özünü əsas aparıcı moderator kimi göstərmək istəyir”.
Bununla belə, konfliktoloq ABŞ-ın sülh prosesinə diktəsini də yolverilməz hesab edir:
"Bu, heç də o anlama gəlməməlidir ki, ABŞ sülhü diqtə edə bilər. Onun bu istiqamətdə cəhdləri var ki, bu da erməni lobbisinin təsirinin nəticəsidir. Azərbaycanda məhkəməsi keçirilən və xalqımıza qarşı terror fəaliyyətində günahlandırılan erməni əsilli cinayətkarlarla bağlı məsələyə ABŞ-ın müdaxiləsi isə yolverilməz və mümkünsüzdür. Çünki söhbət Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddən, Azərbaycanda insani və digər dağıntılara səbəb olmuş cinayətkarlardan gedir. Azərbaycan addımlarını beynəlxalq hüquqa dayanaraq atır. Azərbaycanın belə təzyiqlərə qarşı güc immuniteti var".
Ekspert düşünür ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi məsələlərini sülhdən sonraya saxlamaq doğru deyil:
"Çünki ermənilərin etibarlı tərəfdaş olmadığı hər kəsə bəlli olduğundan Ermənistan bundan istifadə edərək sonrakı dövrlərdə yenidən öz aqressiv siyasətini davam etdirə bilər. Trampın hər iki tərəfi guya kompromisə diktə etmək cəhdləri hiss olunur. Ancaq bu şəkildə diqtə qeyd etdiyim kimi yolverilməzdir. Cinayətkarların azadlığından söhbət gedə bilməz. Azərbaycanla Ermənistan arasında razılaşma üçüncü tərəfin iştirakı olmadan daha rəvan şəkildə gedə bilər. Amma bu da uzun prosesdir, hər iki tərəfdən böyük iradə tələb olunur. Xüsusən də Ermənistan cəmiyyətini sülhə hazırlamaq lazımdır”.
Bu səbəbdən Ü. Şəfiyev yaxın perspektivdə sülh müqaviləsinin imzalanacağına əmin deyil:
"Bu bir qədər ağlabatan görünmür. Bölgədə marağı olan, sülh məsələsindən özlərinin merkantiv maraqlarını güdən geosiyasi qüvvələr Ermənistanı hər an yenidən təxribatlara sövq edə bilərlər. Ona görə də məsələ mürəkkəbdir. Geosiyasi oyunçuları neytrallaşdırmaq isə güclü iradə tələb edir”.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzərində razılaşmanı alqışlayan ABŞ adminstrasiyası eyni zamanda cinayət törədərək məhkəməsi gedən separatçı rejim nümayəndələrinin buraxılmasını da tələb edir. Görünən odur ki, bununla Vaşinqton sülh prosesinin gedişinə diktə etmək istəyir. Bu isə o anlma gəlir ki, Tramp adminstrasiyası da Bayden adminstrasiysı kimi erməni lobbisinin təsiri altına düşməyə başlayıb.
Rüfət Sultan
Şərhlər