Xəbər lenti

Rasmussenin
Dünya 18:23 18.03.2025

Rasmussenin "sehirli çubuğu" Paşinyanı xilas edə biləcəkmi? (ŞƏRH)

"NATO-nun keçmiş Baş katibi Ermənistanı ruhlandırmaq missiyasını həyata keçirir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov NATO-nun sabiq baş katibi Rasmussenin Ermənistana olacaq səfərini şərh edərkən deyib:

"NATO-nun keçmiş Baş katibi və hazırda "Rasmussen Global” beynəlxalq geosiyasi konsaltinq təşkilatının təsisçisi və prezidenti Anders Foq Rasmussenin 2025-ci il martın 18-dən başlayaraq Ermənistana işgüzar səfərə gəlməsi barədə məlumat Ermənistan kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılır. Sanki Rasmussen əlindəki sehirli çubuqla Ermənistanı hazırda düşdüyü gərgin situasiyadan çıxaracaq. Elə erməni seqmentindən olan mətbuatın verdiyi məlumata görə, Rasmussenin səfəri zamanı Ermənistan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Bundan əlavə, onun martın 20-də İcevan şəhərinə səfər edəcəyi və burada mətbuat konfransı keçirəcəyi gözlənilir”. 
 


Həmsöhbətimiz qeyd edir ki, səfər çərçivəsində Bakı ilə İrəvan arasında münasibətlər, sülh danışıqları, regionun ictimai-siyasi vəziyyəti müzakirə ediləcək:
 
"Rasmussenin səfərinin gündəliyi ilə bağlı konkret təfərrüatlar açıqlanmır. Amma heç şübhəsiz bu görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri, sülh danışıqları istiqamətində atılan addımlar, regiondakı iqtisadi-siyasi vəziyyət müzakirə olunacaq”. 

Ə.İbrahimov hesab edir ki, keçmiş Baş katib Ermənistanı möhkəm dayanması istiqamətində ruhlandırmaq missiyasını da həyata keçirə bilər: 

"Axı İrəvan hazırda regional və qlobal dəyişikliklər fonunda ciddi gərginlik şəraitində yaşayır. Qeyd etmək lazımdır ki, Rasmussen bundan əvvəl də Ermənistana səfər edib. 2023-cü ilin martında o, Ermənistanın müdafiə və təhlükəsizlik məsələlərində maraqlı olduğunu vurğulayaraq, ermənilərə Qərb silahları və təhlükəsizlik zəmanətləri verməyi təklif etdi. Heç şübhəsiz bu səfər zamanı da o əvvəlki təkliflərinin qüvvədə qalması barədə Ermənistana xəbərdarlıq edəcək”. 

Bununla belə, ekspertə görə, Ermənistanın bu təkliflərə qayıdaraq real addımlar atacağı da ciddi görünmür:

"Çünki Rasmusenin sonuncu səfərindən keçən dövr ərzində ciddi geosiyasi və geostrateji dəyişikliklər baş verib. Həm regional, həm də qlobal arenada”. 

Qeyd edək ki, NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen martın 18-də Ermənistana işgüzar səfər edəcək. Səfər çərçivəsində o, martın 20-də İcevana gələrək, burada mətbuat konfransı təşkil edəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->