"İrəvanın Azərbaycana sülh sazişinin imzalanma tarixləri və yeri ilə bağlı məsləhətləşmələrə başlamaq təklifi İrəvanın Türkiyə ilə sərhədlərin açılması üçün tələsməsinin göstəricisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın Azərbaycana sülh sazişinin imzalanma tarixləri və yeri ilə bağlı məsləhətləşmələrə başlamaqla bağlı verdiyi təklifi şərh edərkən deyib:
"Ermənistan çalışır ki, sülh müqaviləsi tez bir zamanda imzalansın. Əvvəl onlar prosesi vəziyyətin dəyişməsi ümidilə 3 ilə qədər uzatdılar. Sonradan gördü ki, heç nə dəyişmir və başa düşdü ki, sülh nə qədər tez bağlansa, bir qədər ona xeyirdir. Çünki Ermənistanın Türkiyə ilə sərhədlərin açılmasına ciddi ehtiyacı var. Belə olan halda onun üçün dünyaya pəncərə açılacaq, ölkənin iqtisadi vəziyyəti də dəyişəcək”.
Politoloqun fikrincə, bu məsələdə Azərbaycanın tələsməsinə ehtiyac yoxdur:
"Azərbaycan Ermənistan qarşısında qanuni tələblər qoyub. İrəvan bütün bu 17 tələbi qəbul etdi. Azərbaycan imzalanma vaxtı və yerinin müəyyənləşməsində tələsmir. Ona görə ki, Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistana təzyiq vasitəsidir. Bakı İrəvan qarşısına haqlı olaraq əlavə iki tələb qoyub. Bunlar ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistanın konstitusiyasını dəyişməsidir. Ermənistan heç olmasa azı bununla bağlı öhdəlik götürə, bu yöndə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə Minsk qrupunun ləğvi barədə birgə müraciət edəcəkləri hansısa müqavilə bağlaya bilər. Həmçinin, 3-4 aya konstitusiya layihəsi hazırlayıb, referenduma verə bilər. Amma indilikdə İrəvan bunları etmir. Çünki ölkədə seçkilər olacaq. Hansı ki, Paşinyana seçki dövründə çoxsaylı millətçilərin səsi də lazımdır”.
Qeyd edək ki, Ermənistan Azərbaycana sülh sazişinin imzalanma tarixləri və yeri ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib. Bu barədə Ermənistan parlamentindəki hakim "Vətəndaş Müqaviləsi” fraksiyasının sədri Hayk Koncoryan bildirib. Koncoryan bildirib ki, saziş Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edəcək və bu, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması, düşmənçilik səhifəsinin bağlanması və irəliləyiş üçün son dərəcə mühüm addımdır:
"Ancaq bir şeyi vurğulamaq istəyirəm: düşünməməliyik ki, hər hansı bir sənəd, o cümlədən sülh müqaviləsi kimi sanballı sənəd bütün məsələləri birdəfəlik həll edəcək. Xeyr, amma bu, sülh quruculuğu gündəmini lokomotiv kimi arxasında daşıyacaq son dərəcə mühüm başlanğıcdır”.
Rüfət Sultan
Şərhlər